BDU-da təlim: “Rəqəmsal marketinq”

Bakı Dövlət Universitetində (BDU) “BDU könüllüləri” və “DİV Academy”nin birgə təşkilatçılığı ilə “Rəqəmsal körpü: innovasiyaya addım” layihəsi çərçivəsində “Rəqəmsal marketinq” mövzusunda təlim keçirilib.
Təlimdə rəqəmsal marketinq üzrə mütəxəssis Kənan Nəsibov iştirakçılara bu sahənin əsas mərhələlərindən biri olan "tanınma" mərhələsinin məqsəd və xüsusiyyətləri barədə ətraflı məlumat verib. O bildirib ki, bu mərhələnin əsas hədəfi brendi tanımayan potensial müştərilərin diqqətini cəlb etməkdir. Mütəxəssis bunun üçün reklam materiallarının aydın və anlaşıqlı hazırlanmasının, məhsul və xidmətlərin əsas xüsusiyyətlərinin düzgün çatdırılmasının vacibliyini vurğulayıb.
Süni intellektin reklam məzmununun hazırlanmasındakı tətbiq imkanlarından da bəhs edən təlimçi effektiv marketinq strategiyası qurulmasında hədəf auditoriyanın maraqlarının nəzərə alınması, məhsulun üstünlüklərinin düzgün təqdim edilməsi və auditoriyaya dəyər qazandıran mesajların roluna diqqət çəkib.
Sonda iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.