BDU-da “PEŞƏkar söhbətlər” layihəsinin ilk görüşü

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və Karyera və məzunlarla iş Mərkəzinin “PEŞƏkar söhbətlər” layihəsinin ilk görüşü keçirilib. Görüşün qonağı “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İnsan resurslarının idarə edilməsi departamentinin direktoru Məlahət Abdullayeva olub.
BDU THİK-in sədri Zöhrab Cavadzadə layihənin məqsədi, Universitetlə iş dünyası arasında əlaqələrin möhkəmləndirilməsi və tələbələrin peşəkar inkişafı baxımından əhəmiyyəti barədə danışıb.
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İnsan resurslarının idarə edilməsi departamentinin direktoru Məlahət Abdullayeva bu sahədə müasir yanaşmalar, işə qəbul prosesinin xüsusiyyətləri, işəgötürənlərin gənc namizədlərdən gözləntiləri və əmək bazarında uğur qazanmaq üçün zəruri bacarıqlar haqqında məlumat verib. O, düzgün karyera planlaşdırılması və nəzəri biliklərin praktiki fəaliyyətə tətbiqi ilə bağlı tələbələrə tövsiyələrini çatdırıb.
BDU-nun Karyera və məzunlarla iş Mərkəzinin Karyera planlaşdırılması şöbəsinin müdiri Günel Qurbanova çıxışında yumşaq bacarıqların və rəqəmsal savadlılığın vacibliyini vurğulayıb. O bildirib ki, karyera planlaşdırılması şəxsi potensialın düzgün qiymətləndirilməsini, əmək bazarının tələblərinə uyğunlaşmağı və davamlı özünüinkişafı əhatə edir.
İnteraktiv formatda davam edən görüşdə tələbələr qonağa suallar ünvanlayıb, əmək bazarının tələbləri, işə qəbul prosesi və gələcək karyera imkanları ilə bağlı onları maraqlandıran məsələlərə cavab alıblar.