BDU-da yanğın təhlükəsizliyi ilə bağlı əməkdaşlara praktiki təlimat verilib

Bakı Dövlət Universitetinin (BDU) Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı, Əməyin mühafizəsi və təhlükəsizlik texnikası şöbəsi və 5 saylı Tələbə poliklinikasının birgə iştirakı ilə poliklinikanın əməkdaşlarına yanğın təhlükəsizliyinə dair praktiki təlimat verilib.
Şöbənin təlimatçısı Oqtay Quliyev yanğın hadisələrinin başvermə səbəbləri, növləri, mövcud risklər və onların qarşısının alınması yolları barədə məlumat verib. Təlimatda yanğın zamanı təhlükəsiz davranış qaydaları, təxliyə yollarının açıq saxlanılması, insanların təhlükəsiz əraziyə yönləndirilməsi və ilkin yanğınsöndürmə vasitələrindən düzgün istifadə qaydaları izah olunub.
Nəzəri məlumatlandırmadan sonra ilkin yanğınsöndürmə vasitələrindən istifadə üsulları praktiki şəkildə nümayiş etdirilib, iştirakçıların yanğın təhlükəsi zamanı düzgün və operativ hərəkət etmələri üçün zəruri təlimatlar verilib.
Bu cür maarifləndirici tədbirlər əməkdaşların yanğın təhlükəsizliyi sahəsində bilik və bacarıqlarının artırılması, mümkün risklərin qarşısının alınması və iş yerlərində təhlükəsiz əmək şəraitinin təmin edilməsi baxımından əhəmiyyət daşıyır.