BDU-nun məsləhətçi professoru, Əməkdar müəllim Niftalı Qocayevin 90 illik yubileyi qeyd olunub

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Optika və molekulyar fizika kafedrasının məsləhətçi professoru, Əməkdar müəllim Niftalı Qocayevin 90 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.
Əvvəlcə görkəmli alimin həyat və yaradıcılığı haqqında videoçarx nümayiş etdirilib.
Mərasimdə çıxış edən BDU rektoru Elçin Babayev görkəmli alimi yubileyi münasibətilə təbrik edib, onun zəngin fəaliyyətinin Universitetin tarixinin qiymətli bir parçası olduğunu bildirib. Rektor qeyd edib ki, Niftalı Qocayev BDU-ya tələbə kimi gəlib, burada müəllim və alim kimi yetişib, sonra özü yüzlərlə gəncin yetişməsində iştirak edib. Professor Niftalı Qocayevin optika və molekulyar fizika sahəsində fəaliyyəti, molekulyar biofizika istiqamətində tədqiqatları Azərbaycan elminə dəyərli töhfələr verib. Onun “Optika”, “Mexanika”, “Molekulyar fizika” dərslikləri minlərlə tələbənin fizikanı öyrənməsində, müəllimlərin dərsə hazırlaşmasında etibarlı mənbə olub: “Professor Niftalı Qocayevin müəllimliyi yazdığı kitabların səhifələrində davam edir. Universitet üçün belə müəllimlərin varlığı böyük sərvətdir. Gənclərimiz professor Niftalı Qocayevdən elmə sədaqətin, peşəyə bağlılığın, müəllim adını ləyaqətlə daşımağın nə demək olduğunu öyrənirlər. Bizim vəzifəmiz də bu zəngin təcrübəni qiymətləndirmək, görkəmli alimlərin yaratdıqları elmi və pedaqoji ənənələri gələcək nəsillərə çatdırmaqdır”.
Sonra rektor Elçin Babayev professor Niftalı Qocayevə uzunmüddətli səmərəli elmi və elmi-pedaqoji fəaliyyətinə, fizika elminin inkişafına, yüksəkixtisaslı kadrların hazırlanmasına verdiyi töhfələrə, BDU-nun ictimai həyatında fəal iştirakına görə və 90 llik yubileyi münasibətilə fəxri fərman təqdim edib.
BDU-nun Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev professor Niftalı Qocayevin həyatı və fəaliyyəti haqqında məruzə edib. O bildirib ki, Niftalı Qocayevin Azərbaycanda fizika məktəbinin formalaşması və inkişafında xüsusi xidmətləri var. İlk azərbaycanlı biofizik alim olan Niftalı Qocayevin əmək fəaliyyətinin böyük bir hissəsi BDU ilə bağlıdır. Müxtəlif illərdə BDU-nun Optika və molekulyar fizika kafedrasında laborant, müəllim, baş müəllim, kafedra müdiri vəzifələrində çalışıb. Uzun illər Molekulyar biofizika elmi-tədqiqat problem laboratoriyasına və Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun Nəzəri fizika şöbəsinə rəhbərlik edib. 1989-1993-cü illərdə Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri vəzifəsini icra edib. 1993–1998-ci illərdə Türkiyənin Ərzurum, Atatürk və İstanbul universitetlərində professor kimi fəaliyyət göstərib. Hazırda BDU-nun Optika və molekulyar fizika kafedrasının məsləhətçi professorudur. Tanınmış alim 450-yə yaxın elmi məqalənin, 20-dən çox dərslik, dərs vəsaiti və monoqrafiyanın müəllifidir. Onun “Mexanika”, “Molekulyar fizika” və “Optika” dərslikləri uzun illər Fizika fakültələrinin tələbə və müəllimləri tərəfindən istifadə olunub. Alimin “Optika” dərsliyi 1977-ci ildə keçmiş SSRİ Ali Təhsil Nazirliyinin qrifi ilə İttifaq universitetlərinin tələbələri üçün tövsiyə edilib. Dərslik M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Fizika fakültəsində istifadə olunan ədəbiyyatlar sırasına daxil edilib və 2016-cı ildə böyük tirajla yenidən nəşr olunub. Bu fakt Niftalı Qocayevin elmi-pedaqoji irsinin yalnız Azərbaycanla məhdudlaşmadığını göstərən mühüm nümunələrdəndir.
Yubilyarın elmi və pedaqoji xidmətləri müxtəlif illərdə yüksək qiymətləndirilib. 2016-cı ildə “Əməkdar müəllim” fəxri adına layiq görülüb. O, 2019-cu ildə “BDU-nun 100 illiyi (1919–2019)” yubiley medalı və III dərəcəli “Əmək” ordeni ilə təltif edilib. 2024-cü ildə isə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalına layiq görülüb.
Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin üzvü Əziz Ələkbərli, BDU-nun Ali riyaziyyat və riyaziyyatın tədrisi metodikası kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov, AMEA-nın həqiqi üzvü, geologiya-mineralogiya elmləri doktoru, professor Fəxrəddin Qədirov, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Oktay Qasımov, Azərbaycan Respublkasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədr müavini Sakin Cabbarov, BDU-nun Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun Biofizika şöbəsinin müdiri Namiq Əhmədov, Əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor Natiq Atakişiyev, Nəzəri fizika kafedrasının müdiri Məmməd Rəcəbov, alimin nəvəsi Nüranə Teymurova çıxışlarında professor Niftalı Qocayevin Azərbaycanda fizika elminin inkişafında xidmətlərini qeyd edib, onun şəxsiyyətində alimliklə müəllimliyin bir-birini tamamladığını vurğulayıblar.
Sonda söz yubilyara verilib. O, tədbirin yüksək səviyyədə təşkili və göstərilən diqqətə görə Universitet rəhbərliyinə təşəkkür edib. Qocaman alim çıxışında yaxşı müəllim olmağın düsturunu da açıqlayıb: “Müəllim adına layiq olmaq çox çətindir. Müəllim öz fənnini mükəmməl bilməli, heç vaxt özündən razı olmamalı, bilmədiyi mövzunu danışmamalı, tələbələrini çox sevməlidir. Bu adı həmişə qorumaq lazımdır”.