“Yaşıl Dialoq: İnnovasiya və Beynəlxalq Əməkdaşlıq Platforması” layihəsi çərçivəsində panel müzakirələr davam edir
COP29 çərçivəsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Bakı Dövlət Universiteti (BDU), Qarabağın Tərəqqisi Naminə İctimai Birliyi və Afrika Gənclərinin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə ekoloji problemlərin həllinə və davamlı inkişafın dəstəklənməsinə yönəlmiş “Yaşıl Dialoq: İnnovasiya və Beynəlxalq Əməkdaşlıq Platforması” layihəsinin növbəti müzakirə paneli keçirilib.
COP29-un Yaşıl zonasında Qarabağın Tərəqqisi Naminə İctimai Birliyinin nümayəndəsi Sənan Ağayevin moderatorluğu ilə keçirilən müzakirədə Afrika Diplomatiya və Beynəlxalq Əlaqələr Məktəbinin vitse-prezidenti, Afrika Gənclərinin İnkişafı Fondunun rəhbəri, professor Tunji Asaolu, BDU rektorunun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov və GEM CRS təşkilatının icracı direktoru Liya Bayramova iştirak ediblər.
Panel zamanı professor Tunjii Asaolu "Davamlı gələcəyin qurulması: əsas fokus sahələri", Liya Bayramova “Uşaqlar üçün iqlim təhsili və maarifləndirmə", Asiman İlyasov "Ali təhsildə Dayanıqlı İnkişaf Məqsədlərinə yönəlmiş keyfiyyət təminatı və reytinqlərin əhəmiyyəti" mövzularında çıxışlar ediblər.
Layihənin əsas məqsədi su qıtlığı, torpaqların şoranlaşması və meşə fondunun azalması kimi ekoloji problemlərin həlli üçün sosial maarifləndirmə və beynəlxalq əməkdaşlığın gücləndirilməsidir.
Layihə çərçivəsində yaradılan "Yaşıl Dialoq Forumu" hökumət nümayəndələri, özəl sahə ekspertləri və akademik mühit nümayəndələrini bir araya gətirən illik forumun keçirilməsi üçün təsis edilib.