BDU-nun gənc tədqiqatçıları Makedoniya Kimyaçıları və Texnoloqları Cəmiyyətinin 27-ci Konqresində iştirak edirlər
Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının (ETL) aparıcı elmi işçisi Lalə Qəhrəmanlı, elmi işçiləri Orxan Güləhmədov və Aynurə Kərimova Şimali Makedoniyanın Ohrid şəhərində keçirilən Makedoniya Kimyaçıları və Texnoloqları Cəmiyyətinin 27-ci Konqresində (27th Congress of the Society of Chemists and Technologists of Macedonia) iştirak edirlər.
Elmi dialoqun inkişaf etdirilməsi və qabaqcıl araşdırmaların təqdim edilməsinə yönəlmiş konqresdə BDU əməkdaşları “Sonokimyəvi və SILAR üsulları ilə əldə olunan CdxZn1-xS əsaslı nanokompozit materialların fiziki xüsusiyyətləri”, “Qamma şüalanmanın və termik işləmənin qrafen oksid əsaslı kompozit materiallara təsiri”, “Neylon/qrafen nanokompozit təbəqələri ilə triboelektrik nanogeneratorların təkmilləşdirilməsi”, "Xitozan və çarpaz tikilmiş xitozan ilə örtülmüş xrizin yüklü dəmir oksid nanohissəcikləri: Quruluş tədqiqi" adlı mövzularda çıxışlar edib, iştirakçıların suallarını cavablandırıblar.
Multidissiplinar xarakterli konqres 22 ölkədən olan alim, tədqiqatçı, akademik və sənaye mütəxəssislərinin iştirakı ilə ən son elmi nailiyyətləri müzakirə, müasir cəmiyyətin çağırışlarına cavab verən elmi və texnoloji həllərin inkişafını təşviq etmək məqsədi daşıyır.
BDU əməkdaşları konqresin təşkilatçısı, professor Jadranka Blazhevska Gilev və dəvət olunmuş spiker, professor Stefano Bellucci ilə görüşüb, əməkdaşlıqla bağlı müzakirə aparıblar.