BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”
Günəşdə alışmalar hesabına noyabrın 28-29-da Yerdə geomaqnit qasırğası gözlənilir.
Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, Günəş aktivliyinin orta-yüksək səviyyədə qalacağı, M sinif (R1-R2-minor-radiodalğaların yayılmasını zəif əngəlləyə bilən), eləcə də izolə olunmuş X sinif (R3 - güclü) alışmaların ola biləcəyi proqnozlaşdırılır. Tac dəliklərindən çıxan yüksək sürətli axınların təsiri nəticəsində geoaktivlik və Günəş küləyi parametrləri yüksək səviyyədə olacaq.
Noyabrın 28-də gecə saatlarından başlayaraq 29-u saat 12.00 radələrinədək G1 (mülayim) - G2 (orta) səviyyəli geomaqnit qasırğası gözlənilir. Həmin dövrdə geomaqnit qasırğasının gücünü göstərən Kp əmsalı 10 ballıq şkala ilə 4-6 intervalında olacaq.
Noyabrın 29-u axşam saat 18.00-dan sonra geomaqnit səviyyə normal fon səviyyəsinə düşəcək.