BDU əməkdaşları DIRNA layihəsi çərçivəsində keçirilən təlimdə iştirak ediblər
Bakı Dövlət Universitetinin (BDU) tərəfdaş olduğu Avropa Komissiyası tərəfindən maliyyələşən “Azərbaycanda İnstitusional Repozitoriyalar şəbəkəsi vasitəsilə tədqiqat potensialının inkişafı” (DIRNA) adlı layihə çərçivəsində növbəti təlim keçirilib.
"Tədqiqat metodları" mövzusunda keçirilən təlim akademik heyətin tədqiqat bacarıqlarının inkişaf etdirilməsi məqsədilə təşkil olunub. BDU-nu təlimdə layihənin əlaqələndirici nümayəndəsi Nigar İsmayılova, layihə meneceri Cəmilə Yusifova, texniki işçilər – Yusif Əsədullayev və Şükufə Əliyeva təmsil ediblər.
Layihənin koordinatoru olan Xəzər Universitetində təşkil edilən təlimin birinci günü universitetin İqtisadiyyat və menecment fakültəsinin dekanı Raziyə İsayeva tədqiqatın dizaynı və planlaşdırılması, tədqiqatda etik prinsiplər və ədəbiyyat icmalı haqqında təqdimatla çıxış edib.
Təlimin ikinci günü isə Xəzər Universitetinin Həyat elmləri departamentinin dosenti Cavid Ocaqi tədqiqat sualları, tədqiqat metodologiyaları, verilənlərin təhlili və hesabatların yazılması barədə iştirakçılara nəzəri və praktiki məlumatlar verib.
İki gün davam edən təlimdə iştirakçılar praktiki tapşırıqları icra ediblər.