BDU-da topoloji izolyator və termoelektrik xassəli kvant materiallarının tədqiqinə dair elmi seminar
Bakı Dövlət Universitetində (BDU) “Topoloji izolyator və termoelektrik xassəli kvant materiallarının dizaynında əsas yanaşmalar və xassələrinin tədqiqi” adlı elmi seminar keçirilib.
BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Tədqiqat və innovasiyalar sektorunun mütəxəssisi, Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrasının doktorantı Xatirə Mehtiyeva topoloji izolyator xassəli və termoelektrik materialların əhəmiyyəti, onların xassələrinin yaxşılaşdırılması istiqamətində mövcud olan strategiyalar və tətbiq sahələri haqqında geniş məlumat verib.
Qeyd edək ki, Xatirə Mehtiyeva mövzu üzrə altı ay müddətində İtaliyanın Kalabriya Universitetində elmi tədqiqat aparıb. O, apardığı elmi tədqiqatlar, onların nəticələrindən söz açıb. Həmçinin o, Bakı Dövlət Universitetinin sənayeləşmə strategiyası üzrə “Rentgen Şüalarının Difraksiyası üsulu ilə suxurların mineroloji analizi” adlı layihəni təqdim edib.