BDU-da molekulyar naqillərin sintezinə dair elmi seminar
Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasında molekulyar naqillərin sintezinə dair elmi seminar keçirilib.
Seminarda Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş elmi işçisi Rayyət İsmayılov "Modullaşdırılmış oliqo-α-aminopiridin liqandları əsasında keçid metalların çoxnüvəli strinq (xətvari) komplekslərinin və koordinasion polimerlərinin sintezi və tədqiqi" mövzusunda çıxış edib.
Məruzəçi deyib ki, “molekullar naqillər” anlayışı bir neçə onillik əvvəl fiziklər və kimyaçılar tərəfindən yaradılıb. Üzvi və qeyri-üzvi molekulların qarışıq valentli yığınları (stacks) qeyri-adi elektrik xassələrinə malikdir. Bu sahədə görülən işlərin ümumi məqsədi sintetik metalların hazırlanması idi. Sonrakı onilliklər ərzində zəncirin onurğası boyunca qarşılıqlı təsir göstərən metal ionlarından ibarət materialların sintezi və xassələrinə dair xeyli ədəbiyyat nəşr olunub. Bu materialların ən böyük siniflərindən biri qismən oksidləşmiş tetra-siano-platinat duzlarının ailəsidir, bu, Kroqman duzları adlanır. Həmin materiallardakı kvadrat-müstəvi [Pt(CN)4]n- anionları dz2 orbitallarının örtülməsi nəticəsində bərk halda sonsuz yığınlar əmələ gətirir. Qısa Pt…Pt kontaktları rabitə yaranmasına səbəb olur. Platinin orta oksidləşmə dərəcəsi təxminən ~2,3 olan K2[Pt(CN)4]X0,3 • (H2O)n (X=Cl, Br) tipli duzları Kroqman duzlarının tipik nümayəndəsidir. Onlar metal parıltısı və yüksək keçiricilik nümayiş etdirirlər. Bu materiallar qeyri-üzvi molekullara əsaslanan ilk sintetik dizayn olunmuş məftilləri təmsil edirlər.
1991-ci ildən başlayaraq oliqo-α-aminopiridin liqandları və onların pirazin, pirimidin və naftiridinlə modullaşdırılmış analoqları əsasında keçid metalların çoxnüvəli strinq (xətvari) komplekslərinin sintezi və tədqiqi molekullar naqillərin öyrənilməsində yeni bir dövrün əsasını qoyub. Hazırda Ni(II), Co(II), Cu(II), Cr(II), Ru(II) və Rh(II) keçid metalları ilə üçnüvəlidən onbirnüvəliyə qədər molekulyar naqillər sintez edilir, onların quruluşu, maqnit və elektrokimyəvi xassələri, keçiricilik xüsusiyyətləri hərtərəfli tədqiq olunur. Molekullar naqillərin nano-ölçülü cihazların istehsalında keçirici element funksiyasını yerinə yetirməsi nəzərdə tutulur.
Seminarın sonunda məruzəçi iştirakçıların mövzu ilə bağlı suallarını cavablandırıb.