BDU-da dövlət gənclər siyasəti uğurla həyata keçirilir
Bakı Dövlət Universitetində (BDU) əməkdaşların və təhsilalanların ictimai fəallığının artırılması, onların Universitetin və ölkənin ictimai-mədəni, sosial həyatında daha aktiv iştirak etməsi, genişmiqyaslı sosial layihələrə qoşulması, mədəni-kütləvi tədbirlərin reallaşdırılması istiqamətində bir çox layihələr həyata keçirilir. BDU ilə dövlət və qeyri-hökumət təşkilatları, ictimai birliklər arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi və möhkəmləndirilməsi, birgə sosial layihələrin reallaşdırılması istiqamətində səmərəli işlər aparılır.
Hər il olduğu kimi, 2024-cü ildə də BDU-da dövlət təşkilatları, nüfuzlu müəssisə və ictimai birliklərlə əlaqələr genişləndirilib, birgə sosial layihələrin sayı iki dəfə artıb. Ötən il BDU-da dövlət gənclər siyasəti, humanitar məsələlər, Heydər Əliyev irsi və azərbaycançılıq ideyalarının öyrənilməsi, milli-mənəvi dəyərlərin təbliği və s. istiqamətlərdə 900-dən artıq tədbir keçirilib.
2024-cü il ərzində Universitetin ölkədaxili əməkdaşlıq əlaqələri genişləndirilib. Belə ki, il ərzində BDU “Veysəloğlu Şirkətlər Qrupu” MMC, Milli Depozit Mərkəzi, Təhsilin İnkişafı Fondu (TİF), Azərbaycan Milli Kitabxanası (AMK), Azərbaycan Tibb Universiteti (ATU), Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRSKOY), Ədliyyə Nazirliyinin Probasiya xidməti ilə əməkdaşlıq haqqında memorandumlar imzalayıb. BDU-da “ARB 24” televiziyasının “NewsLab” otağı, Azərbaycan Mətbuat Şurasının (AMŞ) otağı, “Türk otağı”, “Xalq qəzeti”nin “Debat otağı” və Medianın İnkişafı Agentliyinin xüsusi auditoriyasının açılış mərasimləri keçirilib.
Ötən il “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı BDU-da Tədbirlər Planı hazırlanaraq uğurla icra olunub. İl ərzində ekoloji mühitin qorunmasının gənc nəslə təşviq edilməsi istiqamətində 70-dən çox müxtəlif tədbir, seminar, görüş, intellektual yarış və s. keçirilib.
Ölkəmizin beynəlxalq nüfuzunu daha da artıran BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində BDU-da 30-a yaxın tədbir keçirilib. Xüsusilə qeyd edilməlidir ki, BDU-nun 537 tələbəsi beynəlxalq tədbidə könüllü qismində iştirak edib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən mükafatlandırılıb.
2024-cü ildə BDU-da bir sıra xüsusi layihələr və tədbirlər də həyata keçirilib. Bunlardan BDU-nun Tələbə Gənclər Təşkilatının “Gənclik həftəsi 2”, “Tələbədən məktəbliyə”, “COP29 həftəsi” layihələri, Azərbaycan Mətbuat Şurası ilə birgə “I Gənc mədəniyyət müxbirləri məktəbi”, 23 aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş Kitab Sərgisi, Dövlət Məşğulluq Agentliyinin təşkilati dəstəyi ilə Karyera Festivalı, “Regional İnkişaf” İctimai Birliyi ilə birgə təmizlik aksiyası, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikasının BDU-da tibbi aksiyası, “Kapital Bank”la birgə “Doğru yolun başlanğıcı” adlı təlim proqramı, Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənc proqramçılar” müsabiqəsi, “Gənc Liderlər" Forumu, “BDU könüllüləri”nin “Könüllülük həftəsi”, “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihələri, BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin 50 illik yubileyinə həsr olunmuş Respublika konfransı, YAP Yasamal rayon təşkilatı ilə birgə “Heydər Əliyev mühazirələri” layihəsi, “Yüksəliş” müsabiqəsinin qalibləri ilə silsilə görüşlər, “Qlobal iqlim maliyyələşməsi: ədalətli və davamlı həllər” mövzusunda COP modeli simulyasiya konfransı kimi tədbir və layihələri qeyd etmək olar.
BDU-nun tələbə təşkilatları həmişə olduğu kimi, ötən il də aktiv fəaliyyət göstərib. İl ərzində BDU-nun Tələbə Gənclər Təşkilatının xətti ilə 161, Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 126, “BDU “könüllüləri” təşkilatı tərəfindən 389 tədbir keçirilib. Tədbirlər əsasən dövlət gənclər siyasəti, “Yaşıl dünya naminə həmrəylik ili”, mili ideologiya, azərbaycançılıq məfkurəsi, milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunun aşılanması istiqamətlərinə həsr olunub. 2024-cü il ərzində BDU-da könüllülük fəaliyyəti genişləndirilib. BDU tələbələri ölkə miqyaslı sosial layihələrdə könüllü kimi uğurla iştirak edirlər. “BDU könüllüləri” təşkilatının hazırda 1500 üzvü var. BDU-nun tələbə təşkilatları cari il ərzində Universitetdən kənarda 100-dən çox müxtəlif tədbir, layihə, yarış və təlimdə iştirak ediblər.
Ötən il BDU tələbələri müxtəlif səpkili 40-dan çox beynəlxalq və ölkədaxili yarışda iştirak edib, ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinə öz layiqli töhfələrini veriblər.