Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev BDU tələbələri ilə görüşüb

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Bakı Dövlət Universitetinin (BDU) tələbələri ilə görüşüb.
Tədbirin moderatoru, Universitetin sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev BDU-nun ölkənin müxtəlif dövlət və özəl qurumları ilə sıx əməkdaşlıq etdiyini və belə görüşlərin tələbələrin karyera quruculuğunda mühüm önəm daşıdığını qeyd edib.
BDU rektoru Elçin Babayev isə Bakı Dövlət Universitetinin ölkənin yüksəkixtisaslı kadrlarla təmin edilməsində vacib rolunu diqqətə çatdırıb. O bildirib ki, BDU-nun yaxın əməkdaşlıq etdiyi dövlət qurumlarından biri də Xarici İşlər Nazirliyidir. Nazirliyin strukturlarında fəaliyyət göstərənlərin böyük qismi BDU məzunlarıdır: “BDU məzunları ilə həmişə fəxr edib. Xarici işlər nazirinin 6 müavinindən 5-i, xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərimizin rəhbərlərinin də çoxu bizim məzunumuzdur. Təkcə bu faktlar bugünkü görüşün və diplomatik karyera quruculuğunun nə qədər vacib olduğunun göstəricisidir. Belə görüşlər və yaradılan imkanlar tələbələrin həyatında dönüş nöqtəsi ola bilər, ona görə də bundan maksimum yararlanmaq lazımdır”.
Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev məzunu olduğu universitetin tələbələri ilə görüşdən məmnunluq hissi keçiridiyini bildirib. O, BDU məzunlarının diplomatik xidmətin uğurlarında böyük paya sahib olduqlarını vurğulayıb: “Əminik ki, görüşdə iştirak edən gənclərin də arasından gələcəyin peşəkar diplomatları çıxacaq. Tələbəlik dövrünün imkanlarından maksimum çox istifadə etməyinizi, aktiv olmağınızı, daha çox dil öyrənməyi, nitq və yazı qabiliyyətinizi artırmağı tövsiyə edərdim. Bu gün Azərbaycanın xarici siyasəti çoxvektorlu və balanslıdır. Bu balansı milli maraqları qorumaqla düzgün formada, praqmatik şəkildə istifadə etmək həqiqətən böyük səriştə tələb edən məsələdir. Prezident İlham Əliyev ölkənin birinci diplomatı olaraq şəxsi təcrübəsi, peşəkarlığı və qətiyyəti ilə bütün diplomatlar üçün nümunədir”.
Nazir müavini bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası artıq yalnız milli deyil, beynəlxalq səviyyədə də legitim bir reallıq kimi qəbul olunub. Bu proses beynəlxalq dəstəyin tədricən möhkəmlənməsi ilə müşayiət olunur. Bu, ölkənin uzun illər apardığı ardıcıl diplomatik fəaliyyətin nəticəsidir.
Bu yaxınlarda diplomatik xidmətə qəbul üzrə növbəti qəbul imtahanı keçiriləcəyini bildirən nazir müavini qeyd edib ki, hazırda Nazirlik tərəfindən gənclərin təcrübə imkanlarının artırılması istiqamətində işlər aparılır: “XİN nəzdində “Diplomatiya könüllüləri” qrupu fəaliyyət göstərir, IV kurs tələbələrinin Nazirlik strukturlarında təcrübəyə cəlb olunması son illər genişləndirilir. Buna səbəb diplomatik xidmətin qarşısında duran vəzifələrin artmasıdır. Beynəlxalq münasibətlər sistemi canlı orqanizmdir və daim dəyişir, ona uyğunlaşmaq və düzgün siyasət aparmaq lazımdır. Əgər diqqət etsəniz, həm təhlükəsizlik, həm də iqtisadi baxımdan regionda ən az zərər görən ölkə elə Azərbaycandır. Bunun da əsas səbəbi indiyə qədər aparılan düzgün siyasət, ölkənin maraqlarını hər şeydən üstün tutaraq təşkil edilən diplomatik fəaliyyətdir. Diplomat peşəsi çox şərəfli peşədir. Çünki siz bu fəaliyyətdə milli maraqlara birbaşa xidmət edirsiniz. Məzunları və magistraturada təhsil alan tələbələri prosesdə aktiv iştirak etməyə dəvət edirik. Onu da qeyd edək ki, son illərdə azərbaycanlı diplomatların fəaliyyətini stimullaşdırmaq üçün bir çox imkanlar yaradılıb”.
Daha sonra nazir müavini tələbələri XİN sisteminə işə qəbul qaydaları, diplomatik xidmətin üstünlükləri, bu sahədə yaradılan imkanlarla tanış edib və onların suallarını cavablandırıb.