“Səngərdən başlayan yol” - BDU-da hərbi-vətənpərvərıik görüşü

Bakı Dövlət Universitetində (BDU) fəaliyyət göstərən “YENİ Klub”un “Zəfərin 44 sütunu” layihəsi çərçivəsində “Səngərdən başlayan yol” adlı ilk hərbi-vətənpərvərlik görüşü keçirilib.
Dövlət himni səsləndirilib və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Klubun İdarə Heyətinin üzvü Sevinc Mirzəyevanın moderatorluğu ilə keçən görüşdə Vətən müharibəsində qazanılan tarixi Zəfərin gənc nəslə canlı faktlarla çatdırılmasının vacibliyi vurğulanıb.
Gənclər və İdman Nazirliyinin Vətənpərvərlik tərbiyəsi sektorunun müdiri Coşqun Hidayətov, Birinci Qarabağ və Vətən müharibələri iştirakçıları - polkovnik-leytenant Mayis Mirzəyev, telejurnalist, İTV-nin əməkdaşı İlham Tumas çıxış edərək döyüş xatirələrini, cəbhə reallıqlarını və şəhidlərimizin göstərdiyi misilsiz şücaətləri tələbələrlə bölüşüblər. Qonaqlar vətənpərvərlik ruhunun sadəcə sözdə deyil, əməldə, məsuliyyətdə və milli dəyərlərə sədaqətdə təcəssüm etdiyini diqqətə çatdırıblar.
Tədbirdə 9-cu “Muğam” Televiziya Müsabiqəsinin finalçısı, 2025-ci il üzrə “İlin Gənci” mükafatçısı Yusif Cəfərbəyli, xanəndə Kənan Bəşirli, Azərbaycan Milli Konservatoriyasının tələbələri Rəsul Hacızadə və Mahir Quliyev vətənpərvərlik ruhunda musiqi nömrələri təqdim ediblər.
İnteraktiv formatda davam edən görüşdə 44 günlük Vətən müharibəsi, hərbi və informasiya cəbhəsindəki mübarizə, həmçinin gənclərin milli-mənəvi inkişafı ətrafında diskussiya aparılıb, tələbələrin sualları cavablandırılıb.
Tədbirin sonunda “YENİ Klub”un sədri Asif Əliyev çıxış edərək gənclərin vətənpərvər ruhda yetişməsinin dövlətin gələcəyi üçün mühüm sütun olduğunu qeyd edib.