Milli Məclisin komitə sədri Tahir Rzayev BDU-da “Heydər Əliyev mühazirələri”nin qonağı olub
-lg.jpg)
Bakı Dövlət Universitetinin (BDU) və Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən “Heydər Əliyev mühazirələri” layihəsi çərçivəsində YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayevlə görüş olub.
BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov bildirib ki, “Heydər Əliyev mühazirələri” layihəsi gənclərin dövlətçilik təfəkkürünün formalaşmasında mühüm rol oynayır. Bu mühazirələr Ulu Öndərin zəngin siyasi irsinin, azərbaycançılıq ideologiyasının və müasir müstəqil dövlət quruculuğu konsepsiyasının elmi əsaslarla təbliğini təmin edir. Təməli Ulu Öndər tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlətçilik xətti gənclərə bu müzakirələr vasitəsilə dərindən aşılanır. YAP Yasamal rayon təşkilatı ilə BDU-nun əməkdaşlığı çərçivəsində təşkil olunan bu platforma sağlam və intellektual müzakirə mühitinin inkişafına xidmət edir.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev isə layihənin xalqımızın müstəqillik tarixinin və milli qurtuluş ideologiyasının gələcək nəsillərə ötürülməsində əvəzsiz rol oynadığını diqqətə çatdırıb. O vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin hələ 1969-cu ildə ölkə rəhbərliyinə gəlməsi ilə respublikada iqtisadi və mədəni yüksəlişin möhkəm əsası qoyulub. Məhz onun birinci hakimiyyəti dövründə formalaşan güclü sənaye potensialı gələcək müstəqilliyimizin sarsılmaz iqtisadi təməlinə çevrilib. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan dahi rəhbər ölkəni parçalanmaqdan və daxili xaosdan xilas edib. Ulu Öndərin uzaqgörən rəhbərliyi ilə 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" ilə Azərbaycanın iqtisadi müstəqilliyinin sarsılmaz təməlini qoyulub. Bu tarixi neft strategiyası ölkəmizin qlobal iqtisadi sistemə inteqrasiyasını sürətləndirib və respublikaya nəhəng xarici investisiya axınını təmin edib. 1995-ci ildə Ümummilli Liderin birbaşa rəhbərliyi ilə müstəqil Azərbaycanın ilk milli Konstitusiyası qəbul olunub. Bu fundamental ali qanun ölkədə hüquqi, dünyəvi dövlət quruculuğu prosesini və insan hüquqlarının müdafiəsini ali dövlət prioriteti kimi rəsmiləşdirib. Bu gün Ümummilli Liderin uzaqgörən siyasi kursunu layiqincə davam etdirən Prezident, YAP sədri İlham Əliyev Azərbaycanı regional güc mərkəzinə çevirib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuz Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tam təmin edib. Bu möhtəşəm dövlətçilik missiyasının uğurla icrasında və təbliğində Yeni Azərbaycan Partiyası çox mühüm rol oynayıb.
YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev qeyd edib ki, Ulu Öndər Heydər Əliyev dühası Azərbaycan xalqının milli mənliyini, mədəniyyətini və müstəqillik ideyasını qoruyan fundamental xilaskar qüvvədir. Dahi liderin ölkəmizə 1969–1982-ci illərdəki birinci rəhbərliyi dövründə milli kadrların yetişdirilməsi gələcək müstəqil dövlətçiliyə hesablanmış strateji addım idi. Bu dövrdə həyata keçirilən islahatlar ölkəmizin iqtisadi potensialını qüvvətləndirib. O bildirib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan dahi rəhbər Heydər Əliyev ölkəni parçalanmaq təhlükəsindən xilas edib. Ümummilli Liderin qətiyyəti və uzaqgörən siyasəti sayəsində respublikada daxili xaos dayandırılıb, siyasi və iqtisadi sabitliyin möhkəm təməli qoyulub. Bu tarixdən başlayan qurtuluş fəlsəfəsi dövlətimizin qüdrətlənməsinə və Zəfər zirvəsinə ucalmasına zəmin yaradıb. Bu gün Ulu Öndər Heydər Əliyevin zəngin tarixi irsini böyük uğurla yaşadan Prezident İlham Əliyev ölkəni tamamilə yeni, dinamik inkişaf müstəvisinə çıxarıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlar Azərbaycanın qlobal rəqabət qabiliyyətini maksimum dərəcədə artırıb: “Bu gün Prezident İlham Əliyev dünya miqyasında sözü imzası qədər dəyərli olan qətiyyətli, müzəffər liderdir. Ölkənin qazandığı bu misilsiz siyasi-ictimai uğurların mərkəzində Yeni Azərbaycan Partiyasının çoxşaxəli fəaliyyəti dayanır. Ulu Öndərin rəhbərliyi ilə təsis edilən Yeni Azərbaycan Partiyası ölkənin ictimai-siyasi həyatında bu gün də liderlik missiyasını davam etdirir”.
Çıxışlardan sonra tələbələrin çoxsaylı sualları cavablandırılıb.