Coğrafiya İnstitutunun direktoru vəzifəsini icra edən Zaur İmrani BDU tələbələrinə ustad dərsi keçib

Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun direktoru vəzifəsini icra edən Zaur İmrani Bakı Dövlət Universitetinin (BDU) tələbələrinə “Dayanıqlı inkişafın coğrafi problemləri” mövzusunda ustad dərsi keçib.
Ustad dərsi BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi, Coğrafiya və Geologiya fakültələrinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunub.
Coğrafiya fakültəsinin dekanı, professor Məqsəd Qocamanov Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) əhəmiyyəti, hədəfləri haqqında danışıb və bu hədəflərin Yer elmləri baxımdan tədqiqinin əhəmiyyətini vurğulayıb.
Məruzəçi Zaur İmrani dayanıqlı inkişaf konsepsiyasının mahiyyətinin dünyanın müxtəlif regionlarında yaşayan insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına və gələcək nəsillər üçün bərabərhüquqlu həyat fəaliyyətinin qorunub saxlanılmasına yönəldildiyini bildirib. O, dayanıqlı inkişaf konsepsiyası, onun regional aspektləri, ərazi-istehsal komplekslərinin dayanıqlılığına təsir edən sənaye, aqrar sənaye, son illər daha sürətlə inkişaf etdirilən turizm sənayesinin inkişaf tendensiyaları barədə məlumat verib, regional inkişaf strategiyasının dayanıqlı inkişaf konsepsiyasının bir hissəsi olduğunu qeyd edib.
Ustad dərsində “davamlı artım” və “dayanıqlı inkişaf” anlayışları arasında fərqlər də izah olunub. Zaur İmrani daha sonra dayanıqlı inkişaf üzrə milli prioritetlərə diqqət çəkərək bu istiqamətdə görülən işlər barədə məlumat verib.