BDU və 4SİM arasında anlaşma memorandumu imzalanıb

İqtisadiyyat Nazirliyi tərəfindən Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafı, o cümlədən sənaye müəssisələrinin texnoloji və yaşıl transformasiyası, insan kapitalının inkişafı istiqamətində tədbirlər davam etdirilir. Bu istiqamətdə Bakı Dövlət Universiteti (BDU) və İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Sənəd sənaye 4.0 və süni intellekt sahələrində birgə təşəbbüslərin həyata keçirilməsini, elmi-tədqiqat fəaliyyətləri və qabaqcıl təcrübə mübadiləsinin genişləndirilməsini, insan kapitalının inkişafı, habelə innovasiya yönümlü tərəfdaşlığı nəzərdə tutur.
Süni intellekt sahəsində əməkdaşlığın qurulması, süni intellekt texnologiyalarının inkişaf etdirilməsi, bu sahədə innovativ həllərin hazırlanması, beynəlxalq təcrübənin öyrənilməsi və Azərbaycan iqtisadiyyatına uyğunlaşdırılması, eyni zamanda tələbələrin bilik və bacarıqlarının artırılması məqsədilə birgə tədqiqatların, təhlillərin və təcrübə mübadiləsinin aparılması da memorandumda əks olunub.