BDU QS beynəlxalq reytinqlərindəki nailiyyətlərinə görə mükafatlandırılıb

Bakı Dövlət Universiteti (BDU) QS beynəlxalq reytinq agentliyinin dünya universitetləri üzrə reytinqlərində əldə etdiyi yüksək nəticələrə görə mükafata layiq görülüb. Mükafat QS-in prezidenti Nunzio Quacquarelli tərəfindən BDU rektorunun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasova təqdim edilib.
Bu mükafat universitetin qlobal akademik məkanda mövqeyinin möhkəmləndirilməsi və ali təhsil sahəsində həyata keçirdiyi keyfiyyətyönümlü islahatların beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.
Eyni zamanda, bu uğur BDU-nun rəqabətqabiliyyətliliyinin artırılması, tədris və elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsi, eləcə də xarici tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində görülən ardıcıl işlərin səmərəliliyini nümayiş etdirir və ali təhsil ocağının qlobal nüfuzunun daha da güclənməsinə töhfə verir.