BDU Özbəkistanın Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti ilə anlaşma memorandumu imzalayıb

Bakı Dövlət Universiteti (BDU) və Özbəkistanın Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti arasında anlaşma memorandumu imzalanıb.
Sənədi BDU-nun rektoru Elçin Babayev və Özbəkistanın Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru Shuhrat Sirojiddinov imzalayıb.
Memorandumda hǝr iki universitetin nǝzdindǝ olan fakültǝ, institut vǝ kolleclǝrdǝ təlim-tədris prosesinin təkmilləşdirilməsi vǝ beynǝlxalq standartlara uyğunlaşdırılması məqsədilə birgə layihǝlǝrin, konfrans, sərgi, seminar, simpozium, qısamüddətli kursların, təlimlərin keçirilməsi, ortaq elmi-tədqiqatların aparılması nəzərdə tutulur. Həmçinin elmi jurnallarda birgə nəşrlər, ortaq akademik proqramların, tədris planlarının və sillabusların hazırlanması, təlimlərin keçirilməsi, akademik, inzibati heyətin, tələbə, magistrant, doktorant və tədqiqatçıların mübadiləsi kimi məsələlər də memorandumda öz əksini tapıb.
Əsası 2016-ci ildə qoyulmuş Özbəkistanın Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti “QS Dünya Universitetləri Fənlər üzrə Reytinqi”ndə 2026-cı il üzrə 251–300-cı yerlər aralığında qərarlaşır.