BDU Özbəkistanın daha 9 universiteti ilə əməkdaşlığa başlayır

Xankəndi şəhərində Qarabağ Universitetinin ev sahibliyi ilə Azərbaycan və Özbəkistan ali təhsil müəssisələri arasında İkinci Rektorlar Forumu keçirilir. İki ölkədən ümumilikdə 30-a yaxın ali təhsil müəssisəsinin iştirak etdiyi ikigünlük forum ali təhsil tərəfdaşlığının inkişafına həsr olunub.
Forum ali təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, elmi tədqiqat və innovasiya istiqamətlərində birgə təşəbbüslərin təşviqi, eləcə də universitetlərarası əlaqələrin möhkəmləndirilməsi məqsədilə təşkil edilib.
Açılış mərasimində çıxış edən Qarabağ Universitetinin rektoru Şahin Bayramov forum iştirakçılarını salamlayıb, onları Xankəndidə və Qarabağ Universitetində qəbul etməkdən məmnunluğunu ifadə edib.
Elm və təhsil naziri Emin Əmrullayev çıxışında Azərbaycan və Özbəkistan arasında elm və ali təhsil sahəsində əməkdaşlığın inkişaf dinamikasından danışıb. Nazir universitetlər arasında akademik əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsinin gücləndirilməsi və birgə təşəbbüslərin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Daşkənd Dövlət İqtisad Universitetinin rektoru Konqratbəy Şaripov forumun yeni tərəfdaşlıqların qurulması və mövcud əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd edib. O, belə platformaların birgə elmi tədqiqatların və təhsil layihələrinin inkişafı üçün mühüm imkanlar yaratdığını bildirib.
Forum çərçivəsində iki ölkənin aparıcı ali təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə panel müzakirələri keçirilib. Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev forum çərçivəsində “Bilikdən təsirə: universitet–sənaye əməkdaşlığının və innovasiya tərəfdaşlığının gücləndirilməsi” mövzusunda panel müzakirəsində iştirak edib.
Müzakirələrdə universitetlərlə sənaye sektoru arasında əməkdaşlığın genişləndirilməsi, elmi tədqiqatların praktiki nəticələrə çevrilməsi və innovasiya potensialının gücləndirilməsi məsələləri diqqət mərkəzində olub, Azərbaycan–Özbəkistan ali təhsil müəssisələri arasında beynəlxalq əməkdaşlığın inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Xankəndi şəhərində keçirilən II Özbəkistan–Azərbaycan Rektorlar Forumu çərçivəsində BDU ilə Özbəkistanın bir sıra ali təhsil müəssisələri arasında təhsil və elmi-tədqiqat sahələrində əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə anlaşma memorandumları imzalanıb. Özbəkistanın Cizzax Politexnik İnstitutu, Buxara Dövlət Pedaqoji Universiteti, Əndican Dövlət Pedaqoji Universiteti, Nizami Gəncəvi adına Özbəkistan Milli Pedaqoji Universiteti, Səmərqənd Dövlət Pedaqoji İnstitutu, Daşkənd Dövlət Nəqliyyat Universiteti, Termez Dövlət Mühəndislik və Aqrotexnologiyalar Universiteti və Gülüstan Dövlət Universiteti ilə imzalanmış memorandumlar çərçivəsində professor-müəllim heyətinin, əməkdaşların və tələbələrin mübadiləsi, birgə elmi-tədqiqat və təhsil proqramlarının həyata keçirilməsi nəzərdə tutulur. Həmçinin, elmi konfransların, simpoziumların və qısamüddətli kursların təşkili, tədris və inzibati sahələrdə innovativ təcrübələrin, elmi və metodiki nəşrlərin mübadiləsi, eləcə də ətraf mühitin idarə olunması sahəsində birgə tədbirlərin həyata keçirilməsi planlaşdırılır.
Forum çərçivəsində BDU ilə Özbəkistanın Fərqanə Dövlət Universiteti arasında 2026–2027-ci tədris ili üzrə təhsil və elmi əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə birgə Fəaliyyət Planı da imzalanıb. Plan çərçivəsində tələbə və əməkdaş mübadiləsinin təşkili, birgə mühazirələrin keçirilməsi, tədris proqramlarının müqayisəsi və ikili diplom proqramlarının yaradılması imkanlarının araşdırılması nəzərdə tutulur. Həmçinin, birgə elmi tədqiqatların aparılması, elmi məqalələrin hazırlanması və beynəlxalq qrant layihələrində iştirakın təşviqi planlaşdırılır. Tərəflər əməkdaşlığın səmərəli həyata keçirilməsi üçün müntəzəm onlayn görüşlər və birgə mədəni tədbirlər təşkil edəcəklər.