BDU-nun tərəfdaşlığı ilə keçirilən “Qərbi Azərbaycanın Gənc Səfirləri – II” layihəsinin açılış mərasimi

Gənclər və İdman Nazirliyinin dəstəyi, “Dünya Azərbaycanlıları” Gənclər Təşkilatının təşkilatçılığı, Bakı Dövlət Universiteti (BDU), Qərbi Azərbaycan İcması, Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı ilə keçirilən “Qərbi Azərbaycanın Gənc Səfirləri – II” layihəsinin açılış mərasimi olub.
Açılış mərasimində “Dünya Azərbaycanlıları” Gənclər Təşkilatının sədri Ramin Həbibzadə layihənin əsas istiqamətləri və gənclər üçün yaratdığı imkanlar haqqında ətraflı məlumat verib.
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında gənclərin mühüm rol oynadığını vurğulayıb, layihəyə uğurlar arzulayıb.
BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov gənc səfirlərin akademik biliklərlə yanaşı, beynəlxalq kommunikasiya bacarıqlarının formalaşdırılmasının vacibliyindən bəhs edib.
Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdir müavini Ülviyyə Axundova isə layihənin gənclərin ictimai fəallığının və liderlik potensialının inkişafına verdiyi töhfəni qeyd edib.
Sonda gənclərin layihə ilə bağlı sualları cavablandırılıb.