BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin 15 məzunu nüfuzlu xarici universitetlərə qəbul olub

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin builki məzunları uğurla beynəlxalq ali təhsil mühitinə inteqrasiya olunurlar. Belə ki, fakültənin “Sosial iş”, “Psixologiya”, “Fəlsəfə” və “Təhsildə sosial-psixoloji xidmət” ixtisasları üzrə təhsil almış 15 məzunu Almaniya, İtaliya, Çin, Çexiya, Polşa və Litvanın nüfuzlu universitetlərinə qəbul olunub. Onların arasında Brandenburq Texniki Universiteti, Siena Universiteti, Padova Universiteti, Vilnüs Universiteti, Praqa Metropolitan Universiteti, Varşava İqtisadiyyat və Humanitar Elmlər Universiteti, Krakov Yagellon Universiteti, eləcə də Zhejiang Normal Universiteti və Şansi Universiteti kimi ali təhsil ocaqları yer alır.
Məzunların xarici universitetlərə qəbul olunması BDU-da verilən təhsilin keyfiyyətini, tələbələrin hazırlıq səviyyəsini və onların beynəlxalq akademik arenada rəqabətə davamlılığını bir daha sübut edir.