BDU-nun SABAH qruplarının tələbələri AQTİ-nin Mərkəzi Fitosanitar Laboratoriyasının fəaliyyəti ilə tanış olublar
Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının “Biotexnologiya” ixtisası üzrə II kurs tələbələri müəllimləri Nərgiz Sultanovanın rəhbərliyi ilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Mərkəzi Fitosanitar Laboratoriyasında infossesiyada iştirak ediblər.
İnfossesiya zamanı tələbələrə laboratoriyanın müasir maddi-texniki bazası və fəaliyyəti haqqında ətraflı məlumat verilib. Karantin Ekspertiza, Fitopatologiya və Genomolekulyar Diaqnostika bölmələrinin iş prinsipləri və aparılan müayinələrin növləri barədə təqdimatlar edilib.
Tələbələr laboratoriyanın müxtəlif sahələrində – entomoloji, herboloji, fitohelmintoloji, mikoloji, bakterioloji və virusoloji müayinələrlə yaxından tanış olublar. Onlara müasir texnologiyalar vasitəsilə diaqnostik analizlərin aparılma üsulları izah edilib.