BDU-nun professoru Allahverdi Məmmədlinin 70 illik yubileyinə həsr olunmuş sənədli film təqdim edilib

Bakı Dövlət Universitetində (BDU) Jurnalistika fakültəsinin Multimedia və elektron kommunikasiya kafedrasının professoru, filologiya elmləri doktoru, Əməkdar jurnalist Allahverdi Məmmədlinin 70 illik yubileyinə həsr olunmuş “Bir ömrün salnaməsi – professor Allahverdi Məmmədli - 70” adlı sənədli filmin təqdimat mərasimi keçirilib.
Jurnalistika fakültəsinin dekan müavini Samir Mirzəyev professor Allahverdi Məmmədlinin Azərbaycan mətbuatının inkişafında, peşəkar jurnalist kadrların yetişməsində xidmətlərindən bəhs edib. Qeyd edib ki, 1956-cı il iyunun 26-da Naxçıvanın Babək rayonunun Nehrəm kəndində anadan olan Allahverdi Məmmədli ömrünü sözə, həqiqətə, elmə və Vətənə həsr edən dəyərli ziyalılardandır.
BDU-nun Jurnalistika fakültəsinin məzunu olan yubilyar peşəkar fəaliyyətinə Naxçıvan Televiziyasından başlayıb, “Şərq qapısı”, “Xalq qəzeti”, “Azad Azərbaycan” radiosu, Azərbaycan Televiziyasının “Xəbərlər” redaksiyası və Ali Məhkəmənin mətbuat xidmətinin rəhbəri kimi məsuliyyətli sahələrdə çalışıb, doğma universitetində isə yüzlərlə gənc jurnalistin yetişməsində böyük rol oynayıb. Cəlil Məmmədquluzadə yaradıcılığı və “Molla Nəsrəddin” ədəbi məktəbində azərbaycançılıq ideyasının tədqiqi istiqamətində monoqrafiya və elmi əsərlərin müəllifi olan Allahverdi Məmmədli “Qızıl qələm”, “Həsən bəy Zərdabi” media mükafatlarına və “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.
Sənədli filmin nümayişindən əvvəl BDU-nun Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli və Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev çıxış edərək yubilyarın zəngin ömür yolu, elmi axtarışları və insani keyfiyyətləri barədə təəssüratlarını bölüşüblər.
Daha sonra ssenari müəllifi Mahir Qəribov, rejissoru Əməkdar mədəniyyət işçisi Vasif Məmmədzadə olan “Bir ömrün salnaməsi - professor Allahverdi Məmmədli” sənədli filmi nümayiş olunub.