BDU-nun dosenti Səidə Əli qızının 80 illik yubileyi qeyd olunub

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının dosenti Səidə Əli qızının 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan BDU-nun rektoru Elçin Babayev Bakı Dövlət Universitetinin ömrünü elmə, təhsilə, gənc nəslin və cəmiyyətin inkişafına həsr edən alimlərinin yubileylərinin keçirilməsinin artıq ənənənəyə çevrildiyini qeyd edib. O bildirib ki, Səidə Əli qızının həyatı və fəaliyyəti BDU ilə sıx bağlıdır. 1973-cü ildə BDU-nun Tarix fakültəsini bitirən Səidə Əli qızı uzun illər ölkənin peşəkar tarixçilərinin yetişməsində önəmli rol oynayıb. Onun elmi fəaliyyətinin mühüm istiqamətlərindən birini Azərbaycan ictimai-siyasi fikir tarixinin, xüsusilə görkəmli mütəfəkkir Əhməd bəy Ağaoğlunun zəngin irsinin, mənbəşünaslığın, milli mətbuatın, və tarixşünaslığın müxtəlif problemlərinin araşdırılması təşkil edir: “Bakı Dövlət Universitetinin tarixini araşdırmaq, ənənələrini yaşatmaq və gələcək nəsillərə ötürmək böyük mənəvi məsuliyyətdir. Səidə Əli qızı Bakı Dövlət Universitetinin 100 illik tarixinə həsr edilmiş əsərlərin müəllif və həmmüəlliflərindən biri kimi bu istiqamətdə də öz töhfəsini verib”.
Rektor Elçin Babayev tanınmış alimə səmərəli elmi-pedaqoji fəaliyyətinə, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində xidmətlərinə, Universitetin ictimai həyatında fəal iştirakına görə və yubileyi münasibətilə Fəxri fərman təqdim edib.
Milli Məclisin (MM) Elm və təhsil komitəsinin sədri, BDU-nun Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, professor Anar İsgəndərov Səidə Əli qızının uzun illər ərzində mənbələrə və tarixi faktlara əsaslanan tədqiqatları ilə tarix elminin müxtəlif istiqamətlərinin inkişafına verdiyi töhfələrdən danışıb. Xüsusilə Azərbaycanın ictimai-siyasi fikir tarixinin mühüm şəxsiyyətlərinin irsinin öyrənilməsində onun araşdırmalarının mühüm rol oynadığını bildirib.
Daha sonra Anar İsgəndərov MM-in Elm və təhsil komitəsinin Fəxri fərmanını alimə təqdim edib.
BDU-nun Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri, akademik Yaqub Mahmudov, Tarix fakültəsinin dekanı, professor İbrahim Zeynalov, MM-in üzvləri Fəzail İbrahimli, Pərvin Kərimzadə, Naqif Həmzəyev, Vasif Qafarov, Bakı Mühəndislik Universitetinin professoru Şikar Qasımov, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov və digərləri Səidə Əli qızının geniş elmi fəaliyyəti və mənbəşünaslıq elminin inkişafına verdiyi dəyərli töhfələrdən söz açaraq, yubilyarı təbrik ediblər.
Tədbir çərçivəsində Səidə Əli qızının "Azərbaycan tarixinin mənbəşünaslığı" adlı dərs vəsaitinin də təqdimatı keçirilib. Dərs vəsaitində Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət daşıyan yazılı, arxeoloji, etnoqrafik və digər mənbələr haqqında məlumat verilib. Vəsaitdə tarixi mənbələrin təsnifatı, təhlili və elmi dövriyyəyə cəlb olunması məsələlərinə, eləcə də ayrı-ayrı tarixi dövrlərin mənbəşünaslıq xüsusiyyətlərinə toxunulub.
Tədbirin sonunda söz yubilyara verilib.
BDU-nun Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının dosenti Səidə Əli qızı göstərilən diqqətə və Universitetin ənənəsinə çevrilən bu cür tədbirlərə görə təşəkkürünü bildirib, bundan sonrakı fəaliyyətini də gənc nəslin təlim-tərbiyəsinə, Azərbaycan elminin inkişafına həsr edəcəyini qeyd edib.