BDU-da Yasamal RİH-in təşkilatçılığı ilə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair müşavirə

Bakı Dövlət Universitetində (BDU) Yasamal Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair müşavirə keçirilib.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov müşavirədə çıxış edərək dövlət başçısının müəyyənləşdirdiyi strateji hədəflər, milli müstəqilliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, dövlətçilik və vətənpərvərlik ideyalarının təbliği istiqamətində qarşıda duran vəzifələrdən danışıb. O, ideoloji-maarifləndirmə işinin cəmiyyətə real təsir göstərməli olduğunu vurğulayaraq təhsil müəssisələri, ziyalılar və ictimaiyyət nümayəndələri arasında əməkdaşlığın gücləndirilməsinin, təbliğat və ideoloji işin düzgün qurulmasının əhəmiyyətini qeyd edib.
Elşad Həsənov bildirib ki, Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycanın qorunması hər bir vətəndaşın borcudur. Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq ölkədə genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilir. Bakı şəhərində, o cümlədən Yasamal rayonunda bu işlərə xüsusi önəm verilir. Sevindirici haldır ki, Prezident İlham Əliyevin tapşırığı, ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə Qarabağda milli-mənəvi abidə və məscidlərimiz bərpa olunur.
BDU rektoru Elçin Babayev qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, YAP sədri İlham Əliyevin Qurultaydakı proqram xarakterli çıxışı müasir Azərbaycanın keçdiyi inkişaf yolunun, əldə etdiyi tarixi nailiyyətlərin və yeni mərhələdə qarşıda duran strateji vəzifələrin əhatəli təhlili baxımından müstəsna əhəmiyyət daşıyır. Ərazi bütövlüyünü tam bərpa etmiş qalib Azərbaycanda qazanılmış nailiyyətləri qorumaq və ölkənin uzunmüddətli, dayanıqlı inkişafını təmin etmək başlıca vəzifədir. Elçin Babayev ideoloji təhlükəsizliyin fiziki təhlükəsizlik qədər vacib olduğunu və bu sahədə ali təhsil müəssisələrinin, xüsusilə BDU-nun üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb.
Rektor çıxışında milli və ideoloji təhlükəsizliyin təmin olunmasında təhsilin mühüm rolunu xatırladıb, elmi-intellektual potensialın strateji dövlət hədəflərinə yönəldilməsi və maarifləndirmə işinin rəqəmsal və innovativ metodlarla yenilənməsinin zəruri olduğunu bildirib: “Gənclərin azərbaycançılıq ideologiyasına, Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsinə sadiq yetişməsi təhsil prosesinin əsas xətti olmalıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin YAP-ın VIII qurultayındakı çıxışında müəyyənləşdirilən strateji istiqamətlər ali təhsil müəssisələrinin fəaliyyətində daha geniş əksini tapmalıdır”.
Müşavirədə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, kulturoloq, Yasamal Rayon Ağsaqqallar Şurasının sədri Fuad Məmmədov, Yasamal rayonu 53 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Tünzalə Zeynalova, 39 saylı şəhər poliklinikasının baş həkimi Ləman Hacıyeva, 339 nömrəli tam orta ümumtəhsil məktəbinin ibtidai sinif müəllimi, şəhid polkovnik-leytenant Əkrəm Şadmanovun həyat yoldaşı Gülşən Rəhimova, ehtiyatda olan mayor, Vətən müharibəsi qazisi Süleyman Heydərov, Azərbaycan Texniki Universitetinin I kurs magistr tələbəsi Sənan Hüseynov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev dövlət müstəqilliyinin qorunması, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və Prezident İlham Əliyevin qurultaydakı nitqindən irəli gələn vəzifələrin gündəlik fəaliyyətin ayrılmaz hissəsinə çevrilməsinin əhəmiyyətini vurğulayıblar.