BDU-da “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş elmi seminar

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş elmi seminar keçirilib. Elmi seminarda BDU-nun Sənəd menecmenti kafedrasının müdiri, dosent Nadir İsmayılov “Türk dünyasının mədəniyyət paytaxtı Şuşa şəhərinin memarlıq abidələrinə dair informasiya resursları” mövzusunda məruzə edib.
Nadir İsmayılov ölkəmizdə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Prezident İlham Əliyevin 22 dekabr 2025-ci il tarixli Sərəncamının əhəmiyyətini vurğulayıb, bu istiqamətdə müxtəlif aspektlərdən elmi-tədqiqat işlərinin aparılmasının vacibliyini diqqətə çatdırıb.
Məruzədə Şuşa şəhərinin zəngin memarlıq irsi, tarixi-mədəni abidələrinin informasiya resurslarında əks olunma xüsusiyyətləri geniş təhlil edilib. Qeyd olunub ki, Şuşa şəhəri yalnız Azərbaycanın deyil, bütövlükdə Türk dünyasının mühüm mədəniyyət mərkəzlərindən biri kimi xüsusi əhəmiyyət daşıyır və şəhərin memarlıq abidələrinin sistemli şəkildə sənədləşdirilməsi, rəqəmsallaşdırılması və beynəlxalq informasiya məkanına inteqrasiyası aktual məsələlərdəndir.
Tədqiqatda mövzu ilə bağlı həm memarlıq abidələrinin, həm də bu abidələrə dair formalaşmış informasiya resurslarının arxitekturası kompleks şəkildə təhlil edilib. Sənəd əsaslı və rəqəmsal resurslar müqayisəli şəkildə öyrənilib, onların struktur xüsusiyyətləri, informativlik səviyyəsi və elmi dövriyyədə istifadəsi məsələləri şərh olunub. Bildirilib ki, bu resursların sistemli təhlili memarlıq irsinin daha dolğun öyrənilməsinə və bu sahədə effektiv informasiya təminatının formalaşdırılmasına imkan yaradır. Məruzədə həmçinin memarlıq irsinə dair informasiya resurslarının formalaşdırılması prosesində kitabxana- informasiya müəssisələrinin rolu, müasir metadata standartlarının tətbiqinin əhəmiyyəti və bu istiqamətdə həyata keçirilən layihələr diqqətə çatdırılıb.
Elmi seminar müzakirələrlə davam edib.