BDU-da Respublika elmi konfransı: “Şərq filologiyası məsələləri”
-lg.jpg)
Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş gənc tədqiqatçı və magistrantların “Şərq filologiyası məsələləri” mövzusunda Respublika elmi konfransı keçirilib.
Konfransda çıxış edən Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan Ulu Öndər Heydər Əliyevin Azərbaycanın beynəlxalq aləmdə tanınması, respublikamızın xarici siyasətinin formalaşmasındakı əhəmiyyətli rolundan söz açıb. O bildirib ki, Azərbaycanın xarici siyasətinin fəal istiqamətlərindən biri də Şərq ölkələri ilə ikitərəfli və çoxtərəfli əlaqələlərin qurulması olub. Ulu Öndərin diqqət və qayğısı nəticəsində şərqşünaslıq elmi və Şərqşünaslıq fakültəsi də inkişaf edib, yüzlərlə peşəkar şərqşünas kadr yetişdirilib.
Şərqşünaslıq fakültəsinin elmi işlər üzrə dekan müavini Nigar İsmayılzadə çıxışında bildirib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən təhsil siyasəti bu gün də uğurla davam etdirilir və ölkədə elmin inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi xüsusi diqqətdə saxlanılır. Hazırda gənclərin elmi fəaliyyətə təşviq olunması, araşdırma bacarıqlarının inkişaf etdirilməsi və beynəlxalq elmi mühitə inteqrasiyası müasir dövrdə ali təhsil müəssisələrinin qarşısında duran əsas vəzifələrdəndir.
Nigar İsmayılzadə vurğulayıb ki, Universitetdə tələbə və magistrantların elmi potensialının üzə çıxarılması istiqamətində mütəmadi olaraq konfranslar, seminarlar və elmi layihələr təşkil olunur. O, xüsusilə Şərqşünaslıq fakültəsində aparılan tədqiqatların Şərq dillərinin, ədəbiyyatının və mədəniyyətinin daha dərindən öyrənilməsinə mühüm töhfə verdiyini diqqətə çatdırıb.
Konfransda Şərqşünaslıq fakültəsinin məzunu, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Doktorantura, elmi inkişaf və süni intellekt inteqrasiyası şöbəsinin müdiri, Ərəb filologiyası kafedrasının saathesabı müəllimi Cəmilə Dəmirova “Müsəlmanlaşmış xristian ədəbi-mədəni mühiti: Siciliya örnəyi”, Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının saathesabı müəllimi, dissertant Sevda Mir-Bağırova isə “Fars dilində inkarlıq anlayışının ifadə olunma üsulları” mövzularında məruzə ediblər.
Sonra konfransda “Müasir Azərbaycan və türk dillərində -raq, -rək şəkilçisi funksional şəkilçi kimi”, “Yapon dilində feillərin keçmiş zamanı: Azərbaycan dili ilə müqayisəli təhlili”, “Tərcümədə mədəniyyət faktorunun rolu”, “Xalid Ziya Uşaklıgilin “Qırıq həyatlar” romanında sosial ədalətsizlik və ailə institutunun böhranı”, “Ərəb dilində sinonimlik”, “Məhəmməd ibn Abdullah Hatufu Xargirdinin “Həft mənzər” məsnəvisində simvolika” və “Nizami “Xəmsə”sində omofonlar” kimi mövzularda məruzələr dinlənilib.