BDU-da “Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” adlı Beynəlxalq fənlərarası seminar keçirilir

Bakı Dövlət Universitetində (BDU) "Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” mövzusunda ikigünlük Beynəlxalq fənlərarası seminar öz işinə başlayıb.
Tədbir Bakı Dövlət Universitetinin ev sahibliyi, Qobustan Milli Tarix-Bədii Qoruğu, Lüksemburq Universiteti, İsrailin Təl-Əviv Universiteti və Ben-Qurion Negev Universitetinin tərəfdaşlığı ilə təşkil olunub.
Tədbirin açılış mərasimində çıxış edən BDU rektoru Elçin Babayev bildirib ki, Qobustan təkcə Azərbaycanın deyil, bütün bəşəriyyətin ortaq tarixi irsidir. 2007-ci ildən etibarən Qobustan Qayaüstü İncəsənət Mədəni Landşaftı UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Lakin Qobustanın tarixinin böyük bir hissəsi hələ də gizli qalmaqdadır. Torpağın altında hələ heç bir qazıntının çatmadığı qədim yaşayış məskənləri, tikililər və qədim su idarəetmə sistemləri (qanazlar) ola bilər. Seminarın əsas məqsədi də məhz bu sirləri arxeoloji qazıntı aparmadan – qədim landşaftı zədələmədən öyrənməkdir.
Rektor bu çətin tapşırığın geofizika, məsafədən zondlama, coğrafi informasiya sistemləri (GIS), rəqəmsal humanitar elmlər və süni intellekt (AI) kimi fərqli sahələrin birgə əməkdaşlığı sayəsində mümkün olduğunu bildirib: “Bu sirləri aşkarlamaq bir çox elmi sahələrin birgə işləməsini tələb edir. BDU-nun potensialından istifadə etməklə fənlərarası tədqiqatların aparılması Qobustanın dərindən tədqiqinə mühüm töhfə verəcək”.
Rektor Elçin Babayev 1919-cu ildə təsis edilən BDU-nun geologiya və geofizika, fizika, coğrafiya, tarix, tətbiqi riyaziyyat və kompüter elmləri kimi mühüm sahələri birləşdirən elm-təhsil mərkəzi olduğunu xatırladıb. O, tərəfdaşlığa görə Qobustan Milli Tarix-Bədii Qoruğuna təşəkkür edib, həmçinin tədbirdə iştirak edən yerli alimlərin, xüsusilə akademik Fəxrəddin Qədirovun, eləcə də beynəlxalq səviyyəli ekspertlər – professorlar Lev Eppelbaum və Olqa Xabarovanın araşdırmalarının bu prosesə böyük töhfə verəcəyini vurğulayıb.
Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev isə qeyd edib ki, bu il qoruğun 60 illik yubileyi qeyd olunub. Qoruq kimi fəaliyyət göstərdiyi dövrdən bəri ərazidə müxtəlif arxeoloji tədqiqatlar aparılıb. O, Qobustan Milli Tarix-Bədii Qoruğunda arxeoloji tədqiqatların ilk dəfə olaraq müasir mərhələyə qədəm qoymasını yüksək qoymətləndirib, bu tədqiqatların qədim mədəni irs nümunələrinə fiziki təmas etmədən, qorunan qata zərər vurmadan aparılacağını bildirib.
BDU-nun professoru Fəxrəddin Qədirov, İsrailin Təl-Əviv Universitetinin professoru Lev Eppelbaum çıxışlarında arxeoloji geofizikanın ən müasir metodlarından istifadə etməklə tədqiqatların aparılmasının bəşər tarixi üçün qiymətli mənbə olan Qobustanın elmi cəhətdən daha dərindən araşdırılmasına xidmət edəcəyini vurğulayıblar.
Seminarın elmi sessiyasında İsrailin Təl-Əviv Universitetinin professoru Lev Eppelbaumun “Arxeoloji qalıqların qeyri-invaziv geofiziki üsullarla aşkarlanması”, Lüksemburq Universitetinin professoru Olqa Xabarovanın “Məsafədən zondlama və süni intellektin arxeologiyada tətbiqi”, Ben-Qurion Negev Universitetinin professoru Mihal Birkenfeldin “Rəqəmsal dövrdə arxeologiya: GIS və rəqəmsal humanitar elmlər” mövzularında və digər alimlərin məruzələri dinlənilib, müzakirələr aparılıb.
Beynəlxalq seminar öz işini sabah da davam etdirəcək.
Tədbir çərçivəsində Qobustan arxeoloji sahəsində qabaqcıl texnologiyalarla geofiziki ölçmələrin və məsafədən zondlama məlumatlarının toplanması üzrə sahə tədqiqatları aparılacaq. Sabah günün ikinci yarısında isə toplanmış real məlumatların BDU-da ilkin analizi, süni intellekt əsaslı emalı və müzakirələri keçirilərək Qobustanın gələcək tədqiqat prioritetləri müəyyən ediləcək.