BDU-da magistratura təhsilinin optimallaşdırılmasına dair təlim keçirilib
-lg.jpg)
Bakı Dövlət Universitetinin (BDU) fakültələrinin magistratura səviyyəsi üzrə məsul dekan müavinlərinin iştirakı ilə tədris prosesinin səmərəli təşkili və idarə olunmasına dair təlim keçirilib. Təlimin əsas məqsədi magistratura səviyyəsində tədris prosesinin idarə edilməsində çevik və effektiv yanaşmaların tətbiqi, qarşıya çıxan praktiki məsələlərin operativ həlli, eləcə də fakültə və kafedraların bu istiqamətdə məsuliyyətlərinin daha dəqiq müəyyənləşdirilməsidir.
Təlimdə magistratura səviyyəsində tədris prosesinin təşkili, təqdim olunan məlumatların ardıcıllıq və sistemlilik prinsiplərinə uyğun şəkildə hazırlanması və təqdim edilməsi, eləcə də tədris yükünün bölüşdürülməsi zamanı meydana çıxan çətinliklərin operativ və optimal həlli yolları müzakirə olunub.
Magistrlik dissertasiyalarının mövzularının müəyyənləşdirilməsi və rəsmiləşdirilməsi məsələsinə də xüsusi diqqət yetirilib. Keçmiş illərdə təsdiq edilmiş dissertasiya mövzularının təkrar olunmasının qarşısının alınması, mövzuların aktuallığının və elmi yeniliyinin təmin edilməsi, həmçinin mövzu seçimi prosesinin daha sistemli təşkilinə imkan verən yanaşmalar iştirakçılarla birlikdə təhlil edilib.
Təlim çərçivəsində kafedraların magistratura səviyyəsində tədris prosesinin təşkilində rolu və məsuliyyəti də geniş müzakirə olunub. Tədris prosesinin ayrı-ayrı mərhələləri üzrə vəzifə və öhdəliklərin aidiyyəti kafedralara düzgün bölüşdürülməsinin idarəetmənin səmərəliliyinin artırılmasına, məsuliyyət bölgüsünün dəqiqləşdirilməsinə və proseslərə nəzarətin gücləndirilməsinə mühüm töhfə verdiyi vurğulanıb.
Bununla yanaşı, təlimdə magistrantların təhsilalma prosesində statusunun vaxtında və düzgün müəyyənləşdirilməsi məsələlərinə də toxunulub. Magistrantların mövcud qaydalara uyğun olaraq xaric edilməsi və ya akademik məzuniyyətə göndərilməsi ilə bağlı prosedurların vaxtında həyata keçirilməsi, bu proseslərə fakültə və kafedralar tərəfindən sistemli nəzarətin təmin olunmasının əhəmiyyəti diqqətə çatdırılıb.
İnteraktiv formatda keçirilən təlimdə magistratura səviyyəsində tədrisin təşkili zamanı praktikada qarşıya çıxan müxtəlif situasiyalar iştirakçıların iştirakı ilə müzakirə edilib, mövcud problemlərin daha çevik, sistemli və nəticəyönümlü həlli üzrə yanaşmalar müqayisə olunub.
Sonda iştirakçıların sualları cavablandırılıb və magistratura səviyyəsində tədris prosesinin daha səmərəli təşkili istiqamətində fikir və təkliflər dinlənilib.