BDU-da “İdman diplomatiyası və strateji kommunikasiya” mövzusunda təlim

Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi Azərbaycan İdman Akademiyasının Tələbə və könüllülərlə iş şöbəsi ilə birgə “İdman diplomatiyası və strateji kommunikasiya” mövzusunda təlim keçirib.
Təlim Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 35 illik yubileyinə həsr olunub. Əvvəlcə fakültənin Beynəlxalq münasibətlər kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Cəfərovun “İdman diplomatiyası” mövzusunda ilk təlimi keçirilib. Qeyd olunub ki, müasir qlobal siyasətdə idmanın "yumşaq güc" aləti kimi rolu artıb. Dünyada idman artıq yalnız fiziki mübarizə və ya sərhədlər daxilində keçirilən yarışlarla məhdudlaşmır. O xalqları qovuşduran, dövlətlərin xarici siyasətini qlobal müstəvidə təbliğ edən, sülh və əməkdaşlıq körpüləri quran qlobal bir diplomatiya dilidir. Azərbaycanın beynəlxalq miqyaslı mötəbər idman tədbirlərinə uğurla ev sahibliyi etməsi bu sahədə beynəlxalq standartlara cavab verən peşəkar kadrların yetişdirilməsini zəruri edir. Təlimin əsas məqsədi də iştirakçılara beynəlxalq idman platformalarında təmsilçilik, media ilə peşəkar əlaqələr, böhran kommunikasiyası və diplomatik protokol qaydalarını öyrətməkdir.
Təlimin davamında Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Bahar Hüseyn və Beynəlxalq münasibətlər kafedrasının müəllimi Aytən Qurbanovanın rəhbərliyi ilə tələbələrlə interaktiv müzakirələr aparılıb və praktiki tapşırıqlar icra edilib. Layihə iştirakçılara nəzəri biliklərlə yanaşı, real simulyasiyalar, debatlar və panel müzakirələri vasitəsilə zəngin praktiki təcrübə, böhran vəziyyətlərini idarəetmə, peşəkar nitq və effektiv media ünsiyyəti qurmaq bacarıqları qazandırıb.