BDU-da görkəmli riyaziyyatçı alim, professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Bakı Dövlət Universitetində (BDU) Mexanika-riyaziyyat fakültəsinin Ali riyaziyyat və riyaziyyatın tədrisi metodikası kafedrasının müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, Əməkdar elm xadimi, “Vətənə xidmətə görə”, “Şöhrət” və “Şərəf” ordenli, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə professor Misir Mərdanovun həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Yubiley tədbirində çıxış edən BDU rektoru Elçin Babayev professor Misir Mərdanovu 80 illik yubileyi münasibətilə təbrik edib, Universitetin tarixinin onun yetirmələri olan görkəmli alimlərin fəaliyyəti ilə sıx bağlı olduğunu vurğulayıb. Rektor bildirib ki, belə yubileylər BDU-nun keçdiyi şərəfli yola bir daha nəzər salır, gənc nəslin elmi uğurların arxasında dayanan zəhməti, müəllim əməyinin qiymətini anlamağına kömək edir: “Professor Misir Mərdanovun peşəkar fəaliyyəti elm, müəllimlik və təhsil idarəçiliyi kimi bir-biri ilə sıx bağlı olan sahələri əhatə edir. O, BDU-nun auditoriyalarında təhsil alıb, burada müəllim və alim kimi çalışıb, sonralar Universitetə rəhbərlik edib. Daha sonra isə uzun illər ölkəmizin təhsil sistemində məsul vəzifə daşıyıb. Bu gün həm tanınmış alim, həm də Universitetin keçmiş rektoru kimi yubileyinin qeyd olunması onun əməyinə göstərilən yüksək ehtiramın ifadəsidir”.
Rektor diqqətə çatdırıb ki, Misir Mərdanovun elmi və pedaqoji fəaliyyəti daim bir-birini tamamlayıb. Görkəmli alimin elmi fəaliyyəti riyaziyyatın mürəkkəb sahələrindən olan optimal idarəetmənin riyazi üsulları və variasiya hesabı ilə bağlıdır. Misir Mərdanovun bu sahədə apardığı araşdırmalar, elmi əsərləri və uzunmüddətli pedaqoji fəaliyyəti alim kimi keçdiyi yolun mühüm hissəsidir. Misir Mərdanovun həyat yolunun digər mühüm mərhələsini Azərbaycan Respublikasının təhsil naziri kimi fəaliyyət göstərdiyi illər təşkil edir. 1998–2013-cü illəri əhatə edən bu dövr ölkəmizin təhsil həyatında mühüm mərhələlərdən biri olub: “İnanıram ki, görkəmli alimin elmi bilikləri, pedaqoji təcrübəsi, müşahidələri bundan sonra da gənclərin yetişməyində mühüm rol oynayacaq. Təhsilə və elmə həsr olunmuş illərin təcrübəsi gələcək nəsillərin inkişafına xidmət etməkdə davam edəcək”.
Rektor Elçin Babayev professor Misir Mərdanova uzunmüddətli səmərəli elmi və elmi-pedaqoji fəaliyyətinə, riyaziyyat elminin inkişafına, yüksəkixtisaslı kadrların hazırlanmasına verdiyi töhfələrə, BDU-nun ictimai həyatında fəal iştirakına görə və 80 illik yubileyi münasibətilə fəxri fərman təqdim edib.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, professor Misir Mərdanov Azərbaycanın elm, təhsil tarixində özünəməxsus iz qoyan görkəmli xadimlərdən biridir. O, uzun illər ərzində dövlət təhsil və elm siyasətinin həyata keçirilməsinə sədaqətlə xidmət edib. Onun dövlətçilik fəaliyyəti pedaqoji və elmi fəaliyyəti ilə üzvi vəhdət yaradıb.
BDU-nun Mexanika-riyaziyyat fakültəsinin dekanı Ziyatxan Əliyev professor Misir Mərdanovun həyatı, elmi, pedaqoji, ictimai fəaliyyəti, dərslik yaradıcılığı, təhsil sisteminin inkişafı ilə bağlı zəngin fəaliyyəti haqqında məruzə edib. Qeyd olunub ki, professor Misir Mərdanov 21 dərsliyin, 4 monoqrafiyanın, təhsil sahəsinə dair 25 kitabın, 100-dən çox elmi məqalənin müəllifidir.
Yubiley tədbirində Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasının müdiri, akademik Əhliman Əmiraslanov, ictimai-siyasi xadim, tarix elmləri doktoru Həsən Həsənov, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, BDU-nun Ümumi dilçilik kafedrasının müdiri, akademik Nizami Cəfərov, BDU-nun Optika və molekulyar fizika kafedrasının məsləhətçi professoru Niftalı Qocayev, Milli mətbuat tarixi kafedrasının müdiri Cahangir Məmmədli çıxış ediblər. Çıxışlarda Misir Mərdanovun Azərbaycan riyaziyyat elminin inkişafında, yüksəkixtisaslı kadrların hazırlanmasında, elmi-pedaqoji fəaliyyətin təşkilində xidmətlərindən və ictimai-siyasi xadim kimi fəaliyyətindən danışılıb. Onun həm Bakı Dövlət Universitetinin rektoru, həm də Azərbaycanın təhsil naziri olduğu vaxtlarda kifayət qədər səmərəli fəaliyyət göstərdiyi diqqətə çatdırılıb.
Sonda söz yubilyara verilib. O, tədbirin yüksək səviyyədə təşkili və göstərilən diqqətə görə Universitet rəhbərliyinə təşəkkür edib. Ömrünün 62 ilini BDU-ya həsr etdiyini deyən alim bundan sonra da ölkəmizdə elm və təhsilin, Bakı Dövlət Universitetinin inkişafı üçün əlindən gələni əsirgəməyəcəyini bildirib: “Bakı Dövlət Universiteti Azərbaycanın ali məktəblərinin flaqmanıdır. Mən doğma Universitetin kollektivinə daha böyük uğurlar arzulayıram. Ömrümün qalan hissəsində də Universitetin şərəfini qaldırmağa, ona xidmət etməyə çalışacağam”.