BDU-da əmək hüququnda süni intellektin tətbiqi problemlərinə dair araşdırmalar aparılır

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin təşkilatçılığı ilə 27 mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr edilmiş tədbirlər çərçivəsində “Əmək hüququnda süni intellektin tətbiqi problemləri” mövzusunda elmi seminar keçirilib.
Seminarda hüquq elmləri üzrə fəlsəfə doktoru Elmira Qəzvinova-Həsənzadə məruzə ilə çıxış edib. Məruzəçi çıxışında süni intellekt texnologiyalarının müasir əmək münasibətlərinə təsirindən, rəqəmsal transformasiyanın əmək hüququnda yaratdığı yeni çağırışlardan və hüquqi tənzimləmənin aktuallığından bəhs edib. Qeyd olunub ki, süni intellekt artıq yalnız texniki vasitə deyil, işçi qüvvəsinin idarə olunması, əmək məhsuldarlığının qiymətləndirilməsi və qərar qəbuletmə proseslərində fəal iştirak edən mexanizmə çevrilib.
Çıxışçı məruzəsində alqoritmik idarəetmə anlayışına xüsusi diqqət çəkərək bildirib ki, süni intellektə əsaslanan sistemlər işçi qüvvəsinin planlaşdırılması, tapşırıqların bölüşdürülməsi, əməkhaqqının müəyyən edilməsi, işçilərin fəaliyyətinə nəzarət və performansın qiymətləndirilməsi kimi funksiyaları həyata keçirir. Bu isə bir tərəfdən əmək səmərəliliyinin artmasına şərait yaratsa da, digər tərəfdən diskriminasiya riski, şəxsi məlumatların qorunması və sosial təminatın zəifləməsi kimi hüquqi problemlər doğurur.
Məruzədə süni intellektin işə qəbul prosesində tətbiqi, rəqəmsal əmək platformalarının fəaliyyəti, işçilərin monitorinqi üçün istifadə olunan texnoloji vasitələr və onların əmək hüququ baxımından nəticələri də təhlil edilib. Bildirilib ki, əmək hüququnun əsas vəzifələrindən biri bu texnologiyaların tətbiqi zamanı işçilərin hüquq və azadlıqlarının qorunmasını təmin etməkdir.
Elmi seminar interaktiv müzakirələrlə davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.