BDU-da elmi seminar: “Azərbaycan və Koreya dillərində yönlük halın ifadə vasitələrinin müqayisəli tədqiqi”

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində 27 mart - Azərbaycan Respublikasında “Elm günü”nə həsr edilmiş tədbirlər çərçivəsində elmi seminar keçirilib. Seminarda Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müəllimi Nəzrin Abbasova “Azərbaycan və Koreya dillərində yönlük halın ifadə vasitələrinin müqayisəli tədqiqi” mövzusunda məruzə ilə çıxış edib.
Məruzəçi Koreya və Azərbaycan dillərində hal kateqoriyasının ismin qrammatik funksiyasını ifadə etmək üçün istifadə olunduğunu və hər iki dildə ismin 6 halının mövcud olduğunu qeyd edib. Koreya dilində hal şəkilçilərinin kontekstdən asılı olaraq müxtəlif məna çalarları yaratdığını, Azərbaycan dilində isə bunun daha sabit olduğunu vurğulayıb. Məruzəçi hər iki dildə hallanmanın söz kökünə şəkilçilər əlavə etməklə baş verdiyini, lakin Koreya dilində sözlərə şəkilçi əlavə etmə qaydasının fərqli olduğunu, bunun Koreya və Azərbaycan dillərinin qrammatikasında maraqlı fərqliliklər yaratdığını nümunələrlə təhlil edib.