BDU-da 1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı gününə həsr olunmuş panel müzakirə

Bakı Dövlət Universitetinin (BDU) “BDU könüllüləri” təşkilatının təşkilatçılığı ilə 1 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı gününə həsr olunmuş panel müzakirə keçirilib.
BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov hüquq təhsilində nəzəri biliklərlə praktiki bacarıqların vəhdətinin əhəmiyyətindən danışıb. Bildirib ki, hüquqşünasın peşəkar fəaliyyətində yalnız qanunvericiliyi bilmək kifayət etmir. İnsan taleyi ilə birbaşa bağlı qərarların qəbul edildiyi hüquq sahəsində mütəxəssislərin həm möhkəm nəzəri biliklərə, həm də yüksək peşə etikası, dürüstlük və milli-mənəvi dəyərlərə sahib olması vacibdir. O, hüquq elminin müxtəlif sahələrlə qarşılıqlı əlaqəsinə də diqqət çəkərək bu istiqamətdə BDU-nun xüsusi rolunu qeyd edib. Vurğulanıb ki, Universitetdə formalaşan hüquq elmi məktəbi müxtəlif elmi və peşə istiqamətlərini bir araya gətirir. Bu baxımdan nəzəri biliklərin praktiki təcrübə ilə tamamlandığı panel müzakirələri tələbələrin peşəkar inkişafında mühüm əhəmiyyət daşıyır.
Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin rəisi, hüquq üzrə fəlsəfə doktoru Nigar Qələndərli “Ulu Öndər Heydər Əliyev və Azərbaycan prokurorluğunun inkişafı” mövzusunda çıxış edib.
Nigar Qələndərli Ulu Öndər Heydər Əliyevin dövlətçilik prinsipləri və Azərbaycanda hüquq sisteminin inkişafındakı rolundan danışıb. O qeyd edib ki, Azərbaycanda hüquqi dövlət quruculuğu, müasir dövrün tələblərinə cavab verən məhkəmə-hüquq sisteminin formalaşdırılması Ümummilli Liderin adı ilə bağlıdır. Çıxış zamanı Azərbaycan Respublikasının Konstitusiyasının qəbulunun dövlətçilik tariximizdəki əhəmiyyətinə, hüquq-mühafizə orqanlarının dövlət quruculuğundakı roluna və Azərbaycan prokurorluğunda həyata keçirilən islahatlara da toxunulub. Həmçinin hüquq elminin inkişafında baş verən müsbət dəyişikliklər və prokurorluq sisteminin dövlətçiliyin möhkəmləndirilməsindəki rolu diqqətə çatdırılıb.
Daha sonra Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuror-metodisti Qədir Məmmədov və İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi, I dərəcəli hüquqşünas Xaqani Süleymanlı çıxış ediblər. Çıxışlarda Azərbaycan prokurorluğunun fəaliyyəti, əsas istiqamətləri və inkişaf mərhələləri, istintaq və hüquq-mühafizə fəaliyyətinin praktiki aspektləri barədə məlumat verilib. Həmçinin prokurorluq əməkdaşlarının fəaliyyətində peşəkar hazırlığın, qanunvericiliyin düzgün tətbiqinin və hüquqi biliklərin praktiki bacarıqlarla tamamlanmasının əhəmiyyəti vurğulanıb. Bu sahədə peşəkar kadrların hazırlanmasında BDU-nun mühüm rol oynadığı qeyd olunub. Bildirilib ki, Baş Prokurorluqda çalışan əməkdaşların əhəmiyyətli hissəsini BDU məzunları təşkil edir.
Sonda tələbələrin sualları cavablandırılıb, mövzu ilə bağlı fikir mübadiləsi aparılıb.