“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimat mərasimi keçirilib. Nəşrlər Mədəniyyət Nazirliyinin və “PAŞA Həyat Sığorta” ASC-nin dəstəyi ilə çap edilib.
Əvvəlcə Dövlət himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən “PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri Ülviyyə Cabbarova il ərzində ərsəyə gətirilən nəşrlərin əhəmiyyətindən danışıb. O, Azərbaycanın zəngin tarixinin, mədəni irsinin və milli dəyərlərinin beynəlxalq auditoriyaya tanıdılmasının vacibliyini vurğulayıb. Qeyd edib ki, şirkətin bu kimi təşəbbüslərdə tərəfdaşlığı milli-mədəni irsin qorunmasına və gələcək nəsillərə ötürülməsinə töhfə vermək məqsədi daşıyır.
“İRS” jurnalının baş redaktoru, BDU-nun Mədəni İrsi Araşdırmaları Mərkəzinin direktoru Musa Mərcanlı çıxışında nəşriyyatın beynəlxalq fəaliyyəti və həyata keçirdiyi layihələr barədə məlumat verib. O bildirib ki, “İRS” uzun illərdir “Azərbaycan. Dünya İrsi” devizi altında ölkəmizin tarixini, mədəniyyətini və həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq istiqamətində fəaliyyət göstərir. Jurnalın dünyanın 22 dilində nəşr olunduğunu diqqətə çatdıran Musa Mərcanlı bu il Özbəkistan, Keniya, Belçika və Lüksemburqda keçirilən təqdimatların layihənin beynəlxalq əhatəsinin genişlənməsinə töhfə verdiyini qeyd edib.
O, həmçinin 2026-cı ildə nəşr olunan beş yeni kitabın məzmunu barədə danışıb. Bildirilib ki, “Azərbaycan. Yeni dönəm” kitabı ölkəmizin yeni tarixi mərhələsini, ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra regionda formalaşan reallıqları əks etdirir. “Ulu Mədəniyyət Ağacı” nəşri Azərbaycan xalqının ədəbiyyat, musiqi, rəssamlıq, memarlıq, teatr və kino sahələrində yaratdığı zəngin irsi əhatə edir. “Nağılın sonu” kitabı Təbriz miniatür məktəbinə həsr olunub. “Gələcəyin şəhərləri” nəşrində müasir şəhərsalma yanaşmaları, Bakının memarlıq irsi, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işləri işıqlandırılır. “Sivilizasiyaların qovşağında” kitabı isə Azərbaycanın multikulturalizm ənənələrini, tolerantlıq modelini və beynəlxalq əməkdaşlıq müstəvisindəki rolunu təqdim edir.
Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev təqdim edilən kitabların ölkəmizi tanımaq və tanıtmaq baxımından bir-birini tamamladığını qeyd edib. Bildirib ki, “Ulu mədəniyyət ağacı” kitabı xalqımızın yaradıcı təfəkkürünün qaynaqlarına müraciət edir, “Sivilizasiyaların qovşağında” Azərbaycanın beynəlxalq əməkdaşlıq və mədəniyyətlərarası ünsiyyət məkanındakı mövqeyini önə çəkir, “Gələcəyin şəhərləri” isə tarixi şəhərsalma irsimizi müasir inkişafın tələbləri ilə əlaqələndirir. Onları birləşdirən əsas fikir Azərbaycanın öz kimliyini qoruyaraq bəşəri tərəqqiyə töhfə verməsidir: “Belə nəşrlərin hazırlanması böyük zəhmət, araşdırma və mövzuya məsuliyyətli münasibət tələb edir. “İRS” nəşriyyatının kollektivinə, kitabların müəlliflərinə və yaradıcı heyətlərinə, bu işə dəstək verən tərəfdaşlara təşəkkürümü bildirirəm”.
Nəşrlərin hazırlanmasında BDU-nun Mədəni irsi araşdırmalar Mərkəzinin tərəfdaş kimi iştirak etdiyini deyən rektor Elçin Babayev bu əməkdaşlığı Universitetin elmi potensialının milli-mədəni irsimizin öyrənilməsinə və beynəlxalq səviyyədə tanıdılmasına qiymətli töhfəsi kimi qiymətləndirib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Dövlətxan Dövlətxanov ölkəmizin müasir şəhərsalma siyasətində Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq və bərpa işlərinin xüsusi yer tutduğunu bildirib. O, Böyük Qayıdış proqramı çərçivəsində görülən işlərdən danışaraq kitabların tarixi yaddaşın qorunması və gələcək inkişaf üçün intellektual baza yaradılması baxımından əhəmiyyətini vurğulayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov isə nəşrlərdə yer alan materialların Azərbaycanın zəngin mədəni irsini, füsunkar təbiətini və milli sərvətlərini əks etdirdiyini bildirib. O, Azərbaycan musiqisinin, tarixinin, təbiətinin və mədəni sərvətlərinin ölkəmizin zənginliyini bütövlükdə ifadə etdiyini qeyd edib.
Tədbir çərçivəsində Azərbaycan milli musiqisinin nümunələri səsləndirilib. Opera və Balet Teatrının solistləri Mütəllim Dəmirov və Gülzar Fərəcova, eləcə də televiziya muğam müsabiqələrinin laureatları Yusif Cəfərbəyli və Ayşən Mehdiyeva çıxış ediblər. Tədbir bütün ifaçıların birgə ifasında “Mehriban olaq” mahnısı ilə yekunlaşıb.
Qeyd edək ki, “İRS” silsiləsi çərçivəsində indiyədək 40-a yaxın fundamental kitab nəşr olunub. Layihə Azərbaycan həqiqətlərinin, milli mədəniyyətimizin, tariximizin və zəngin irsimizin beynəlxalq auditoriyaya çatdırılmasına xidmət edir.