BDU tələbələri “mygov” rəqəmsal hökumət platformasının fəaliyyəti barədə məlumatlandırılıblar

Noyabrın 13-də Bakı Dövlət Universitetində (BDU) tələbələr üçün “mygov” rəqəmsal hökumət platformasının fəaliyyətinə dair infosessiya keçirilib.
BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov qeyd edib ki, “mygov” platformasının başlıca məqsədi dövlət xidmətlərini vahid rəqəmsal platformada birləşdirərək vətəndaşların xidmətlərə sadə, rahat və operativ çıxışını təmin etmək, müxtəlif qurumlara və xidmət kanallarına ayrıca müraciət ehtiyacını azaltmaqdır. Bu yanaşma dövlət xidmətlərinin rəqəmsal və proaktiv formada təqdim edilməsinə, fiziki müraciətlərin, sənəd dövriyyəsinin və kağız istifadəsinin əhəmiyyətli dərəcədə azaldılmasına imkan yaradır.
İnfosessiyada İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Müştəri loyallığı və təcrübəsi şöbəsinin müdiri Əfruz Allahverənova və “mygov” layihəsinin aparıcı məhsul sahibi Yusif Səmədov çıxış ediblər. Onlar tələbələrə platformanın imkanları, rəqəmsal dövlət xidmətlərindən istifadə qaydaları və təhsil sənədlərinə elektron formada çıxış barədə məlumat veriblər.
İnfosessiyanın sonunda tələbələr “mygov” nümayəndələrinə suallarını ünvanlayıb və platforma ilə bağlı təkliflərini bölüşüblər.