BDU tələbələri Pekin Kimya Texnologiyası Universitetində keçirilən mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Pekin Kimya Texnologiyası Universitetində (PKTU) ikili diplom proqramı çərçivəsində təhsil alan tələbələri sözügedən ali təhsil müəssisəsində keçirilən mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər.
Festival çərçivəsində BDU tələbələri dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından milli rəqs nömrəsi ilə çıxış ediblər. Daha sonra onlar “Republic of Azerbaijan” stendində ölkəmizin tarixi, zəngin mədəniyyəti və milli dəyərləri barədə iştirakçılara ətraflı məlumat veriblər.
Tələbələr Vətəndən uzaqda Azərbaycanı təmsil etməyin, milli rəqsimizi, musiqimizi və mədəni irsimizi dünyanın müxtəlif ölkələrindən olan gənclərlə bölüşməyin qürurverici hiss olduğunu vurğulayıblar: “Harada olmağımızdan asılı olmayaraq, Azərbaycanı layiqincə təmsil etmək və tanıtmaq bizim üçün böyük fəxrdir”.
Qeyd edək ki, BDU-nun tələbələri Nazlı Məmmədova, Orxan Qasımzadə, Züleyxa Abbasova və Aysel Həmidova “Kimya” ixtisası üzrə ikili diplom proqramı çərçivəsində PKTU-da təhsil alırlar.