BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş Mərkəzinin təşkilatçılığı və Azərbaycan Beynəlxalq Bankının (ABB) tərəfdaşlığı ilə həyata keçirilən “Qoşa saat” layihəsi çərçivəsində tələbələr üçün “Datanın və data keyfiyyətinin idarə edilməsi” mövzusunda təlim təşkil olunub. Layihənin əsas məqsədi tələbələrin nəzəri biliklərini real iş mühitində tətbiq etmələrinə dəstək olmaq, onları müxtəlif sahələrin peşəkarları və müasir əmək bazarının tələbləri ilə tanış etməkdir.
Tədbirdə ABB-nin data sahəsi üzrə analitiki Ümidvar Yusibov məlumatların idarə olunması prinsipləri, sistemləşdirilməsi və təhlili, data keyfiyyətinin qərarvermədəki rolu barədə ətraflı məlumat verib. O, məlumatların dəqiqliyi, tamlığı, ardıcıllığı və etibarlılığının təşkilatların səmərəli fəaliyyəti üçün həlledici əhəmiyyət daşıdığını vurğulayıb.
ABB-nin data sahəsi üzrə məhsul sahibi Həcər Hüseynli isə data keyfiyyətinin idarə edilməsi, məlumatlardan səmərəli istifadə və data əsaslı yanaşmaların biznes proseslərində tətbiqindən bəhs edib. O, keyfiyyətli datanın düzgün analitik nəticələrin əldə olunmasına, iş proseslərinin optimallaşdırılmasına və əsaslandırılmış qərarların qəbuluna təsirini diqqətə çatdırıb.
İnteraktiv müzakirələr şəraitində keçən təlim tələbələrin data sahəsi üzrə biliklərinin genişləndirilməsinə, analitik düşünmə və məlumatlarla işləmək bacarıqlarının inkişafına, həmçinin nəzəri biliklərini təcrübə ilə əlaqələndirmələrinə imkan yaradıb.