BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

Gənclər və İdman Nazirliyi, Bakı Dövlət Universiteti (BDU) və İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin (İƏGF-ARM) birgə tərəfdaşlığı, "BDU könüllüləri" təşkilatının dəstəyi ilə həyata keçirilən "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsi çərçivəsində ilk sessiyalar təşkil olunub.
Sessiyaların birinci hissəsində qonaq spiker qismində çıxış edən Təhsilin İnkişafı Fondunun (TİF) İdarə Heyətinin sədri Nicat Məmmədli dəyişən reallıqlar fonunda elm, texnologiya və təhsil mövzusuna toxunub. O, elm və təhsil sahəsindəki son yeniliklər, müasir gənclərin yiyələnməli olduğu zəruri bilik və bacarıqlar, süni intellekt alətlərinin tətbiqi ilə əmək bazarında yaranan yeni tendensiyalar barədə ətraflı mühazirə oxuyub. Nicat Məmmədli TİF-in yerli və əcnəbi tələbələrin akademik inkişafı və layihələri üçün yaratdığı geniş imkanlar, təqaüd və dəstək proqramları barədə də iştirakçıları məlumatlandırıb.
Sessiyaların ikinci hissəsində İƏGF Avrasiya Regional Mərkəzinin baş direktorunun müavini Ramin Həbibzadə gənclər üçün mövcud olan yerli və beynəlxalq imkanlar, qlobal layihələrdə iştirak meyarları və fərdi bacarıqların artırılması yolları üzrə təcrübəsini bölüşüb. O, beynəlxalq proqramlara düzgün müraciət formalarının hazırlanması qaydalarını diqqətə çatdırıb, dövlət və özəl qurumların, eləcə də İƏGF Avrasiya Regional Mərkəzinin gənclərin hərtərəfli inkişafı üçün təqdim etdiyi platformalardan söz açıb.
İnteraktiv formatda keçən sessiyaların sonunda spikerlər tələbələri maraqlandıran sualları cavablandırıblar.
Xatırladaq ki, artıq 16 ildir keçirilən "İƏT Modeli" proqramının əsas məqsədi İƏT məkanında gənclər arasında beynəlxalq əməkdaşlığın gücləndirilməsinə dəstək vermək, gənclər təşkilatlarının rəhbər və üzvlərinin diplomatiya, idarəetmə və kommunikasiya sahələrində yeni bilik və təcrübə əldə etmələrinə şərait yaratmaqdır.