BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da ilk dərs günündən 107 il ötür

            BDU-da ilk dərs günündən 107 il ötür

            SOSİAL 15 Noyabr 2026 01:39

            BDU-da ilk dərs günündən 107 il ötür

            Bu gün Bakı Dövlət Universitetində (BDU) ilk dərs günündən 107 il ötür.

            1919-cu il sentyabrın 1-də gərgin müzakirələrdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti ictimai fikir tariximizdə, elmin və təhsilin inkişafında əvəzedilməz xidmətlər göstərəcək ilk universitetin açılması haqqında qanun qəbul edib. Bakı Dövlət Universitetinin idarə olunması və onun tədris-elmi fəaliyyətinin tənzimlənməsi qaydalarını müəyyən edən nizamnamə 1919-cu il sentyabrın 29-da, parlamentin 79-cu iclasında qəbul olunub.

            Universitet Şurası 1919-cu il noyabrın 10-da olan ilk iclasında professorların və digər akademik heyətin tərkibini təsdiq edib. 1919-cu il noyabrın 15-də şənbə günü universitetdə birinci dərs günü elan edilib. Universitetin ilk rektoru Kazan Universitetinin professoru, məşhur cərrah Vasili İvanoviç Razumovski olub.

            BDU bütün tarixi inkişafı boyu xalqımızın milli şüurunun formalaşmasında, ölkəmizdə elm və təhsilin inkişafında müstəsna rol oynayıb. Dövlət müstəqilliyimizin bərpasından sonra bu şərəfli missiya daha böyük uğurlarla və daha böyük miqyasda davam etdirilir.

            BDU-nun inkişafında yeni və mühüm mərhələ, heç şübhəsiz, 1969-cu ildə Ümummilli Liderimiz Heydər Əliyevin ölkəyə rəhbərlik etməsi ilə başladı. Universitetin elm və təhsil flaqmanı kimi şöhrətlənməsi məhz bu tarixdən sonra gerçəkləşdi. Ali təhsil ocağının 50 illik yubiley tədbirlərinə Ulu Öndər Heydər Əliyevin şəxsən rəhbərlik etməsi, dövlət başçısı kimi Universitetə daimi qayğısı BDU-nun nüfuzunu daha da artırdı. Universitetin 50 illik yubiley tədbirində Ulu Öndər Heydər Əliyevin böyük cəsarət nümayiş etdirərək məhz ana dilimizdə çıxış etməsi bu gün də xalqımız tərəfindən ehtiram və minnətdarlıqla yad edilir. Bu tarixi hadisənin, həmin dövrdə müdrik rəhbərin ali təhsil ocağına xüsusi diqqət və qayğısının sayəsində Universitet yenidən milli oyanışın mərkəzinə, müstəqilliyimizə gedən yolun carçısına çevrildi.

            Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra BDU Ulu Öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində inkişafının yeni və daha parlaq mərhələsinə qədəm qoydu. Ulu Öndər ənənələrə sadiqliyini bir daha nümayiş etdirərək Universitetin xeyirxahı və hamisi, eyni zamanda məzunu kimi qayğısını əsirgəmədi. Bu gün isə həmin tarixi missiyanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev davam etdirir.

            Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2019-cu ildə BDU-nun 100 illik yubileyi təntənəli şəkildə qeyd olundu. Yubileyin keçirilməsi ilə bağlı imzalanmış tarixi sənəddə Universitetin ölkədə ali təhsil sisteminin qurulmasında, elmi tədqiqatların aparılmasında, milli özünüdərk prosesinin sürətləndirilməsindəki tarixi xidmətləri qeyd olunub. 100 illik yubiley mərasimində ölkə başçısının iştirakı və proqram xarakterli çıxışı Universitet kollektivinin qarşısında yeni hədəflər qoyub.

            Bu gün Universitetimiz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yüksək qayğısı və hərtərəfli dəstəyi ilə öz uğurlarını davam etdirir.

            107 il əvvəl 2 fakültə, 44 nəfər professor-müəllim heyəti və 1094 tələbə ilə fəaliyyətə başlayan Universitet hazırda 16 fakültə, 114 kafedra, 2 elmi-tədqiqat institutu, Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Akademiyası, müasir avadanlıqlarla təchiz edilmiş 5 elmi-tədqiqat mərkəzi və 22 elmi-tədqiqat laboratoriyası, 2 milyondan çox kitab fondu olan Elmi Kitabxana, 5 muzey, 3 beynəlxalq institut və mərkəz, 1 tədris-təcrübə və istirahət mərkəzi, 1 tədris-təcrübə bazası, 1 filial, 1 kollec və 1 liseylə müqəddəs yolda davam edir. BDU-da bu gün 25 mindən artıq tələbə təhsil alır. BDU-nun 2021-2030-cu illər üçün Strateji İnkişaf Planında qarşıya qoyulmuş vəzifələr, prioritet istiqamətlər əsasında Universitetdə təhsilin inkişafı, elmi tədqiqatların keyfiyyətinin artırılması, idarəetmə sisteminin dinamikliyinin təmin edilməsi məqsədilə müntəzəm olaraq islahatlar aparılır.

            Hazırda Universitetdə tədris tarixi ənənələrin və innovativ dünya təcrübəsinin vəhdəti şəklində həyata keçirilir, elmi-tədqiqat işlərinin məzmunu yenilənir, beynəlxalq akademik əlaqələr, eyni zamanda ölkədaxili əməkdaşlıq, xüsusilə sənaye müəssisələri ilə əlaqələr inkişaf etdirilir. Tələbələrin yüksək səviyyədə təhsil almaları, elmi-tədqiqata təşviq olunmaları və dəstəklənmələri üçün ən müxtəlif innovativ üsul və metodlar tətbiq olunur. Tələbələr müxtəlif platformalarda Universitetin idarəçilliyinə cəlb olunur, tələbə təşkilatlarının rolu günbəgün artırılır.

            Aparılan islahatlar tədris prosesinin, elmi-tədqiqatların keyfiyyətini artırır, eyni zamanda tələbələrin ictimai fəallığının artırılmasına, onların azərbaycançılıq ideyasına, milli-mənəvi dəyərlərə bağlı, əsl vətəndaş kimi formalaşmasına xidmət edir. Bunun nəticəsidir ki, professor-müəllim heyətimizin, tələbələrimizin uğurları ildən-ilə artır, Universitetimiz beynəlxalq reytinqlərdə daim öz mövqeyini yüksəldir.

            Hazırda Universitetdə 3 mindən çox əməkdaş, o cümlədən 1500 nəfərdən çox professor-müəllim heyəti və elmi işçi çalışır. Onlardan  220-dən çoxu elmlər doktoru, professor, 900 nəfərə yaxın əməkdaş isə fəlsəfə doktoru, dosentdir. Bu gün BDU-da bakalavriat səviyyəsində 76 ixtisas, magistratura səviyyəsində 230 ixtisaslaşma və doktoranturada 108 ixtisas üzrə kadr hazırlığı həyata keçirilir. Əmək bazarının tələblərinə uyğun yeni ixtisas və ixtisaslaşmaların yaradılması BDU-nun strateji hədəflərindəndir. Son illər BDU-da təhsilin bakalavr və magistratura səviyyələrində bir sıra yeni ixtisas və ixtisaslaşmalar açılmışdır. 2026/2027-ci tədris ilindən etibarən Tarix fakültəsində bakalavriat səviyyəsində “Regionşünaslıq (Afrika üzrə)” ixtisası üzrə kadr hazırlığına başlanılması və magistratura səviyyəsində 42 yeni ixtisaslaşmanın açılması da bu baxımdan mühüm əhəmiyyət kəsb edir.

            Son illər BDU məzunları dövlət qulluğuna və digər qurumlara işə qəbul ilə bağlı keçirilən mərkəzləşdirilmiş imtahanlarda ənənəvi olaraq yüksək nəticələr göstərir, eyni zamanda tələbələrimiz beynəlxalq, regional və yerli olimpiadalarda, bilik yarışmalarında ön yerlərə layiq görülür, təhsillərini xaricdə davam etdirmək imkanları qazanırlar. BDU məzunlarının xaricdə təhsil almaq imkanları ötən il də genişlənmiş, onlarla məzunumuz  magistratura və doktorantura səviyyələri üzrə dünyanın bir sıra nüfuzlu universitetlərinə qəbul olunmuşlar. Xüsusi vurğulamaq lazımdır ki, Dövlət Proqramı çərçivəsində 2026/2027-ci tədris ili üzrə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində magistratura səviyyəsində 353 nəfərdən 40-ı, doktorantura səviyyəsində isə təhsil almaq hüququ qazanan 22 nəfərdən 5-i BDU məzunudur.

            2026-cı ildə Universitetin 15 tələbəsi ölkə başçısının imzaladığı müvafiq Sərəncamla Prezident təqaüdünə layiq görülüb. Ötən tədris ilində tələbələrimiz həmçinin bir sıra təqaüd proqramlarının qalibləri olublar. Belə ki, tələbələrimiz “PAŞA Holding”in “Əlaçı” təqaüdünün, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramının qalibləri olublar. Eyni zamanda bu il BDU-nun 10 tələbəsinə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin “Həmkarlar İttifaqı təqaüdü”, 15 tələbəyə isə “CM Tech” MMC, “Atlas ES” MMC, “AZ Geo” MMC, “A-A” MMC, “AT-Geotech” MMC, “CQA International” LTD və “Azerbaijan International Mining Company” tərəfindən 2026/2027-ci tədris ilinin payız semestri üzrə təqaüd verilib.  2026-cı ildə Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Təhsilin İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilən IV “Maarifçi” tələbə-məzun proqramının qalibi olan 53 nəfərdən 17-si BDU-nun məzunudur.

            Bütün bunlar, əlbəttə ki, tələbələrimizi innovativ tədris prosesinə və elmi-tədqiqat işlərinə  daha da sövq edir. Tələbələrimizi elm və təhsilə həvəsləndirmək məqsədilə 2025-ci ildə BDU Elmi Şurasının qərarı ilə “Birincilik” adlı məqsədli təqaüd təsis olunub. 2025/2026-cı tədris ilindən etibarən “Birincilik” adlı məqsədli təqaüd Universitetə bakalavriat səviyyəsi üzrə qəbul olunan və müxtəlif ixtisaslar üzrə 550-dən çox bal toplayan abituriyentlər arasından ən yüksək nəticə göstərmiş tələbələrə tədris ilinin sonunadək hər ay 200 manat olmaqla verilir.

            Universitetdə elmi fəaliyyətin səmərəli təşkili prioritet hesab olunur. Elmi-tədqiqat işlərinin məzmununun yenilənməsi, alınan nəticələrin bilavasitə tətbiq sahələrinə yönəldilməsi sahəsində yeni müsbət tendensiya formalaşır. Son illərdə BDU-da yaradılmış Sənaye kimyası, Rəqəmsal araşdırmalar, Hüceyrə kulturası və genom redaktəsi, Mikrobiologiya və virusologiya, Biomühəndislik, Kompleks geoloji və geofiziki tədqiqatlar, Materialşünaslıq, Riyazi tədqiqatlar, Astrokosmik və atmosfer tədqiqatları, Bioloji antropologiya kimi yeni sənaye yönümlü elmi-tədqiqat laboratoriyaları, eləcə də Baş Prokurorluq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ECOLEAD Klinikası, ICESCO-nun Biotibbi materiallar kafedrası, Beynəlxalq Türk Akademiyası ilə birgə Süni intellekt etikası kafedrası, Vergi hüququ və iqtisadi ekspertiza Mərkəzi, Erməni Araşdırmaları və Təlim Mərkəzi, Qərbi Azərbaycan Araşdırmaları Mərkəzi, Mədəni İrsi Araşdırmalar Mərkəzi, Arxeologiya Tədris-Tədqiqat Mərkəzi, Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzi, fəaliyyətini daha da genişləndirərək akademiyaya çevrilən Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Akademiyası artıq öz elmi nəticələrini verməkdədir.

            Dünyanın nüfuzlu beynəlxalq elm və təhsil reytinqlərində mövqeyini möhkəmləndirmək BDU-nun prioritet hədəflərindəndir. Bu istiqamətdə həyata keçirilən məqsədyönlü fəaliyyətin nəticəsidir ki, hazırda Azərbaycanın dünya universitetlərinin “Quacquarelli Symonds” (QS) reytinq siyahısında ilk ən yaxşı 600 universitet siyahısında yer alan yeganə ali təhsil müəssisəsi BDU-dur. Ötən tədris ilini isə BDU tarixində bu istiqamətdə ən mühüm nailiyyətlərin əldə edildiyi il kimi səciyyələndirmək olar. Məhz bəhs olunan dövrdə BDU dünya universitetlərinin QS reytinq siyahısında və eləcə də bir sıra reytinqlərdə göstəricilərini yüksəltməyə nail olub. BDU böyük uğura imza atmaqla “QS World University Rankings 2027”də 565-ci mövqedə qərarlaşıb. Universitet ötən illə müqayisədə 123 pillə irəliləyərək Azərbaycanın və Cənubi Qafqazın ən yüksək nəticə göstərən ali təhsil müəssisəsi olub.

            2026-cı il üzrə QS “İxtisas reytinqi”nə əsasən, BDU Azərbaycanı ən çox ixtisasla təmsil edən ali təhsil müəssisəsidir. Belə ki, Bakı Dövlət Universiteti böyük uğura imza ataraq cari ildə ilk dəfə olaraq 2 geniş ixtisas kateqoriyası üzrə reytinq siyahısında yer alıb. Bununla yanaşı, Universitet 8 dar ixtisas sahəsi üzrə reytinqə daxil olub. Bu nəticə dar ixtisas sahələri üzrə göstəricilərə əsasən ötən illə müqayisədə 4 dəfə artım deməkdir. Nəticələrə görə BDU geniş ixtisas kateqoriyaları üzrə Təbiət elmləri (“Natural Sciences”) sahəsində 401–500, Mühəndislik və texnologiya (“Engineering and Technology”) sahəsində isə 501–550-ci diapazonda qərarlaşıb. Bununla yanaşı, dar ixtisas sahələri üzrə BDU Neft-qaz mühəndisliyi (“Petroleum Engineering”) sahəsində 51–100-cü, Müasir dillər (“Modern Languages”) üzrə 151–200-cü, Riyaziyyat (“Mathematics”) üzrə 251–300-cü, Hüquq (“Law”) üzrə 301–350-ci, Kimya mühəndisliyi (“Chemical Engineering”) üzrə 401–450-ci, Fizika və astronomiya (“Physics and Astronomy”) üzrə 401–450-ci, Kimya (“Chemistry”) üzrə 451–500-cü, Kompüter elmləri və informasiya sistemləri (“Computer Science and Information Systems”) üzrə isə 601–650-ci diapazonda yer alıb. İlk dəfə olaraq Bakı Dövlət Universitetinin 1 ixtisası qlobal miqyasda TOP 100-lükdə, 7 ixtisası  TOP 500-lükdə yer alıb ki, bu da ötən illə müqayisədə 7 dəfə artım deməkdir.

            Universitetimiz digər bir nüfuzlu təşkilatın – “Times Higher Education (THE)” təşkilatının açıqladığı “THE Sustainability Impact Ratings 2026” (THE Dayanıqlı İnkişafa Təsir Reytinqləri 2026) reytinqində mühüm uğur qazanıb. Universitet ilk dəfə olaraq bu reytinqdə 101–200 diapazonunda qərarlaşaraq dünyanın TOP 200 ali təhsil müəssisəsi sırasında yer alıb. BDU ötən il qərarlaşdığı 401–600 diapazonundan yüksələrək dayanıqlı inkişaf sahəsində beynəlxalq fəaliyyət göstəricilərini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.

            Universitet alimləri tərəfindən nüfuzlu elmi nəşrlərdə çap edilən məqalələrin dinamikası ildən-ilə yüksələn xətt üzrə inkişaf edir. “Clarivate Analytics” beynəlxalq agentliyinin rəsmi məlumatına əsasən, BDU-nun H-indeksi artaraq 81-ə yüksəlib. Müqayisə üçün qeyd edək ki, bu göstərici 2018-ci ildə 35-ə, 2023-cü ildə 52-yə, 2024-cü ildə isə 67-yə bərabər olub.

            Bütün bunlar kollektivimizin birgə, yüksək səylə çalışması nəticəsində əldə etdiyi uğurlardır. Əminik ki, bu nəticələr ildən-ilə daha da yüksələcəkdir. Bu uğurlar universitetimizdə müasir tələblərə uyğun elmi-tədqiqat mühitini inkişaf etdirir, beynəlxalq əməkdaşlıq imkanlarını daha da artırır, rəqabətədavamlı elmi araşdırmaların aparılmasına şərait yaradır.

            BDU beynəlxalq əlaqələrlə yanaşı, ölkədaxili əməkdaşlığa da xüsusi önəm verilir. Universitetin sosial missiyasına müvafiq olaraq onun cəmiyyətdə nüfuzunun artırılması istiqamətində çoxşaxəli tədbirlər görülüb. Universitetin sahib olduğu elmi potensialın cəmiyyətin sosial problemlərinin həllinə, sosial-iqtisadi proqramların həyata keçirilməsinə cəlb edilməsi məqsədilə ölkənin dövlət təşkilatları, nüfuzlu müəssisə və ictimai birlikləri ilə əlaqələr genişləndirilib, birgə sosial layihələrin sayı artırılıb. Dövlət və qeyri-hökumət təşkilatlarının, iri beynəlxalq və özəl şirkətlərin öz sosial layihələrini təqdim etdiyi platformaya çevrilməsi məqsədilə tərəfdaş qurumlarla birlikdə fəaliyyət planları tərtib edilib,  Universitetdə ölkənin elmi, mədəni, sosial-iqtisadi problemlərinə həsr olunmuş yüksək səviyyəli konfranslar, seminarlar və digər tədbirlər keçirilib.

            Dövlət və özəl müəssisələrlə əməkdaşlıq bilavasitə tədris prosesinin, elmi-tədqiqat fəaliyyətinin səmərəli təşkili, eləcə də məzunların işlə təmin olunmasına xüsusi töhfə verir. Son illər BDU ilə Ədliyyə Nazirliyinin Probasiya Xidməti, Azərbaycan Mərkəzi Bankının Milli Depozit Mərkəzi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu, Azərbaycan Milli Kitabxanası, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi, Sosial Xidmətlər Agentliyi, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya, Bioloji Müxtəlifliyin Qorunması Xidməti, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Təhsilin İnkişafı Fondu və s. təşkilatlar arasında müvafiq memorandumlar, müqavilələr imzalanıb.  Bu əməkdaşlıqlar çərçivəsində ötən tədris ilində BDU-da Azərbaycan Milli Kitabxanasının, Medianın İnkişafı Agentliyinin, “Xalq qəzeti”nin xüsusi auditoriyaları istifadəyə verilmişdir. BDU və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə tərəfdaşlığı ilə Universitet ərazisində elektromobillərin bərpa olunan enerji hesabına elektrik enerjisi ilə doldurulmasını təmin edən EkoEnerji Məntəqəsi, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası (AHİK) ilə birgə Universitetin həyətində “Tələbə məkanı”, dövlət-özəl tərəfdaşlığı çərçivəsində “EKO MƏKAN”, "Azerbaijan International Mining Company Limited" BDU-da xüsusi auditoriyası və BDU Elmi kitabxanasının yeni elektron bölməsi istifadəyə verilib,  Faydalı qazıntılar muzeyi və BDU-nun Nəşr evi əsaslı təmir olunub.

            BDU kollektivi və tələbələri Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına uyğun olaraq bu istiqamətdə öz fəaliyyət istiqamətini müəyyənləşdirmiş, Universitetdə “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar bir sıra tədbirlər, layihələr həyata keçirilmişdir. Ölkəmizdə keçirilən bütün beynəlxalq əhəmiyyətli tədbirlərdə hər zaman fəal iştirakı ilə seçilən BDU kollektivi və tələbələri BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) ölkəmizdə keçirilməsi prosesində fəal iştirak edib. Bu beynəlxalq tədbirdə Universitet “Urban Expo” sərgisində təmsil olunub, BDU-nun həmtəşkilatçılığı ilə “Davamlı və dayanıqlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” mövzusunda beynəlxalq konfrans keçirilib, tədbirlər dövründə müxtəlif maarifləndirici sessiyalar, təlimlər təşkil edilib.

            Əminik ki, Ulu Öndərimiz Heydər Əliyevin hər zaman yüksək dəyər verdiyi və məzunu olmaqla fəxr etdiyi BDU möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı sayəsində zəngin ənənələrini daha da inkişaf etdirəcək. Beynəlxalq təcrübədən və dünya elminin nailiyyətlərindən bəhrələnən Universitetimiz bundan sonra da milli-mənəvi dəyərlərə sadiq, müasir dövrün tələblərinə və qüdrətli Azərbaycan dövlətinin maraqlarına cavab verən peşəkar kadrlar hazırlamaq missiyasını şərəflə davam etdirəcək.

            SOSİAL

            Son XƏBƏRLƏR

            14.11.2026 | 01:39

            Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

            14.11.2026 | 17:17

            “İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

            13.11.2026 | 16:44

            BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

            13.11.2026 | 14:37

            BDU tələbələri “mygov” rəqəmsal hökumət platformasının fəaliyyəti barədə məlumatlandırılıblar

            13.11.2026 | 11:49

            BDU tələbələri Pekin Kimya Texnologiyası Universitetində keçirilən mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025