“Elm günü”nə həsr olunmuş seminar: “BDU – Azərbaycanın elmi potensialında”

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində 27 mart – Azərbaycan Respublikasında “Elm günü” ilə bağlı silsilə tədbirlər çərçivəsində növbəti elmi seminar keçirilib. Elmi seminarda BDU-nun Kitabxanaşünaslıq kafedrasının dosenti Pərviz Kazimi “BDU – Azərbaycanın elmi potensialında” mövzusunda məruzə edib.
Məruzədə əvvəlcə elmin tarixinə nəzər salınıb, ölkəmizin bu sahədə qazandığı nailiyyətlərdən bəhs olunub. Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə ölkəmizdə elmin inkişafı üçün müstəsna xidmətlər göstərdiyi diqqətə çatdırılıb, bu gün həmin siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb: “Dövlət başçısının 2018-ci il 9 aprel tarixli Sərəncamına əsasən, hər il martın 27-nin “Elm günü” kimi qeyd olunması, ölkəmizdə elmin inkişafına hərtərəfli diqqətin göstərilməsi bu fəaliyyət sahəsinin dövlətimiz üçün prioritet istiqamət olduğunun bariz nümunəsidir”.
Məruzədə elmşünaslıqda yeni istiqamətlər, müasir trendlər, xüsusilə Azərbaycan elminin dünya elminə inteqrasiyası kimi mühüm məsələlərə toxunulub, ölkənin ilk və nüfuzlu ali təhsil müəssisəsi olan BDU-nun beynəlxalq reytinqlərdə son illər əldə etdiyi yüksək göstəricilər faktlarla şərh olunub. BDU alimləri tərəfindən aparılan tətbiqi xarakterli tədqiqatlar diqqətə çatdırılıb, alınmış mühüm nəticələrin nüfuzlu beynəlxalq elmi bazalarda indeksləşdirilmiş jurnallarda əksini tapdığı qeyd olunub, bu dinamikanın davamlı inkişaf etdirildiyi xüsusi vurğulanıb. BDU alimlərinin Hirş indeksləri və istinad göstəriciləri barədə dolğun məlumatlar təqdim edilib.
Seminarda mövzu ətrafında geniş müzakirələr aparılıb.