ƏƏSMN BDU tələbələri üçün dövlət qulluğunun üstünlüklərinə dair infosessiya keçirib

Bakı Dövlət Universitetində (BDU) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən “Dövlət qulluğunun üstünlükləri, dəyişikliklər və perspektiv planlar” mövzusunda infosessiya təşkil olunub.
Tədbirdə ƏƏSMN Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdir müavini Elşad Əliyev, həmin şöbənin baş məsləhətçisi Həsənağa Hüseynov, BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, şöbənin əməkdaşları, həmçinin fakültələrin IV kurs tələbələri və magistrantlar iştirak ediblər.
Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov ali təhsil müəssisələrində dövlət qulluğunun üstünlükləri barədə maarifləndirmə işinin aparılmasının əhəmiyyətini vurğulayıb, bu cür tədbirlərin gənclərin peşəkar inkişafında mühüm rol oynadığını qeyd edib.
ƏƏSMN Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdir müavini Elşad Əliyev Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Məşğulluq strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı” çərçivəsində dövlət qulluğunun təbliği və təşviqi istiqamətində görülən işlər və həyata keçirilən layihələr barədə iştirakçılara ətraflı məlumat verib.
Daha sonra ƏƏSMN-in baş məsləhətçisi Həsənağa Hüseynov tələbə və magistrantlara dövlət qulluğu sahəsində mövcud vəziyyət, tətbiq olunan yeniliklər və gələcək perspektiv planlar haqqında məruzə edib.
İnfosessiya tələbə və magistrantların suallarının cavablandırılması və müzakirələrlə davam etdirilib.