BDU-nun həmtəşkilatçılığı ilə Respublika Velotrekində tələbələr üçün maarifləndirici idman tədbiri keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF), Bakı Dövlət Universiteti (BDU) və “BDU könüllüləri” təşkilatının birgə təşkilatçılığı ilə “Zəfər ayı” layihəsi çərçivəsində tələbələr üçün maarifləndirici idman tədbiri keçirilib.
Respublika Velotrekində keçirilən tədbirdə çıxış edən AzVİF-in baş katibi Əli Məmmədov bu cür təşəbbüslərin tələbələrin idmana cəlb olunması, idman infrastrukturu ilə yaxından tanışlığı və təhlükəsizlik qaydaları barədə məlumatlandırılması baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Daha sonra AzVİF-in təhlükəsiz idman üzrə məsul şəxsi Vüsal Baloğlanov velosiped idmanında beynəlxalq standartlara həsr olunmuş maarifləndirici təlim keçib. Təlim zamanı idmançıların hüquqlarının qorunması, təhlükəsiz idman mühitinin yaradılması və idmanda davranış qaydaları haqqında ətraflı məlumat verilib.
Proqram çərçivəsində tələbələr Respublika Velotrekində yaradılmış infrastruktur, idman qurğuları və müəssisənin fəaliyyəti ilə tanış olub, veloyürüşdə qüvvələrini sınayıblar.
Tədbirin sonunda fəal iştirakçılara sertifikatlar təqdim olunub.