BDU-nun əməkdaşı və tələbəsi “İnnovasiya və Süni İntellekt” üzrə Təqaüd Proqramının qalibi olub

Bakı Dövlət Universitetinin (BDU) Rektorunun katibliyinin mütəxəssisi, Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin II kurs magistrantı İsmayıl Zeynalov və IV kurs tələbəsi İsmayıl İbrahimzadə Azərbaycan Gənclər Fondu və “Bakcell”in birgə tərəfdaşlığı ilə həyata keçirilən “İnnovasiya və Süni İntellekt” üzrə Təqaüd Proqramının qalibi olublar.
Ümumilikdə 1851 nəfərin müraciət etdiyi proqram çərçivəsində iştirakçılar bir neçə seçim mərhələsindən keçiblər. İlkin qiymətləndirmə və test mərhələsini uğurla başa vuran namizədlər sonda müsahibə mərhələsində iştirak ediblər. Yekunda ən yüksək nəticə göstərən 25 nəfər proqramın qalibi seçilib.
Proqram çərçivəsində qalib gənclər süni intellekt, data analitikası, proqramlaşdırma və UI/UX dizayn istiqamətləri üzrə praktiki bilik və bacarıqlar əldə edəcəklər. Tədris prosesi iştirakçıların real layihələr üzərində işləməsinə və gələcəyin peşələri üzrə praktiki təcrübə qazanmasına imkan yaradacaq.