BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbələri Qubada çöl-tədris təcrübəsində

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin “Ekologiya”, “Torpaqşünaslıq və aqrokimya”, “Yerquruluşu və daşınmaz əmlakın kadastrı” ixtisasları üzrə təhsil alan IV kurs tələbələri (Azərbaycan, rus və ingilis bölmələri üzrə) Quba rayonununda çöl-tədris təcrübəsində olublar.
Tələbələrə Quba-Xaçmaz iqtisadi rayonuna daxil olan Quba rayonu haqqında məlumat verilib. Qeyd olunub ki, respublikanın əsas ictimai-siyasi mərkəzi olan Abşeron iqtisadi rayonu ilə, xüsusilə Bakı və Sumqayıt şəhərləri ilə yaxınlığı Qubaya əlverişli iqtisadi-coğrafi mövqe qazandırır. Tələbələr rayonda torpaq-landşaft komplekslərinin rast gəlinən növ müxtəlifliyi, kənd təsərrüfatı, sənaye, istirahət-rekreasiya ehtiyatları barədə məlumatlarla tanış olublar.
“Ekologiya” ixtisası üzrə təhsil alan tələbələr torpaq-bitki örtüyünün yayılması qanunayğunluqları, çayların qidalanması rejiminin qiymətləndirilməsi, kadastr rayonları üzrə hündürlük qurşaqları boyunca torpaq tiplərinin, landşaft strukturu və meşə örtüyünün əvəzlənməsi prinsiplərinə yerində baxış keçiriblər. Quba rayonunun fərqli ərazilərində, müxtəlif landşaftlarda atmosfer havasında ozonun, ammonyakın miqdarı, nəqliyyat yolları yaxınlığıda səs çirklənməsi, suda və torpaqda pH-ın miqdarı təyin edilib, portativ dozimetr vasitəsi ilə müxtəlif yerlərdə radiasiyanın səviyyəsi ölçülüb.
“Yerquruluşu və daşınmaz əmlakın kadastrı” ixtisası üzrə təhsil alan tələbələrə BDU-nun Quba Tədris-Təcrübə və İstirahət Mərkəzinin ərazisində gözəyarı planalmanın xüsusiyyətləri izah edilib, 1: 10 000 miqyasında ərazinin təsviri aparılıb. Ətrafın irimiqyaslı kartoqrafik materialı əsasında torpaqdan istifadənin müasir vəziyyəti, torpaqların məqsədli təyinatı və hüquqi rejimi başa salınıb. Quba rayonu ərazisində Qaraçayın yatağının şərti yararsız torpaq sahələrinin tarixi dövr ərzində inkişafı, müasir vəziyyəti və idarəolunmasının prinsipləri naturada tələbələrə izah edilib. Həmçinin Qaraçayın ümumi hövzəsi, mənbəyi, mənsəbi, digər hidroloji və ekoloji xüsusiyyətləri barədə də geniş məlumat verilib.
Tələbələrə Quba Tədris-Təcrübə və İstirahət Mərkəzinin ərazisində xarakterik yerdə torpaq kəsimi qoyulub. Torpaq kəsiminin morfogenetik səciyyəsi aparılıb. Belə ki, torpaq kəsimi üzrə torpaq horizontları, torpaq qatları, torpaq törəmələri və s. göstəricilər torpaq taksonomik vahidi üzrə izah edilib. Kəsimdən götürülmüş nümunələr fiziki-kimyəvi təhlil üçün BDU-ya gətirilib.
Daha sonra yüksəklik qurşaqları üzrə landşaftın dəyişmə xüsusiyyəti və ətraf ərazinin təbii komponentlərinin ilkin gözəyarı ekoloji qiymətləndirilməsi aparılıb. Qaraçay çayından suyun keyfiyyətini ölçmək üçün nümunələr götürülüb.