BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
ELM
12 Oktyabr 2026 11:25

Oktyabr ayının ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq.
Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, Orionid meteor yağışı noyabrın 7-dək aktiv olacaq. Meteor yağışının maksimum aktivliyi isə 21-22 oktyabr tarixlərində baş verəcək. Oktyabrın 21-dən 22-nə keçən gecə meteor yağışının müşahidəsi üçün əsas gecələrdən biri olacaq.
Orionidlərin əsas cismi astronomiya tarixinin ən məşhur kometlərindən biri — 1P/Halley kometidir. Halley kometi Günəş ətrafında bir dövrünü orta hesabla təxminən 75–76 ilə tamamlayır. Halley kometi Günəşə yaxınlaşdıqda onun nüvəsindən qaz, toz və bərk hissəciklər ayrılır. Bu material zamanla kometin orbiti boyunca yayılır. Halley kometinin özü hazırda Yerə yaxın olmasa belə, Yer hər il həmin meteoroid materialının müəyyən hissəsindən keçdiyindən onun keçmişdə buraxdığı hissəciklər atmosferə daxil olaraq meteorlar yaradır. Orionidlər xüsusilə yüksək sürətləri ilə seçilir. Meteoroidlər Yer atmosferinə təxminən 66 km/s, yəni, saatda təxminən 238 min kilometr sürətlə daxil olur. Bu səbəbdən Orionidlər səmada çox sürətli meteorlar kimi görünür və bəzi parlaq meteorların arxasında bir neçə saniyə davam edən işıqlı izlər qala bilər.
2026-cı il üçün Orionidlərin maksimum aktivliyi zamanı saatda 20 meteorun müşahidə olunması gözlənilir. Orionidlər Azərbaycandan müşahidə edilə bilər. Orionidlərin müşahidəsi üçün gecə yarısından sonrakı və xüsusilə sübhə yaxın saatlar daha əlverişlidir. Şəhər işıqlarından uzaq, mümkün qədər qaranlıq müşahidə yerinin seçilməsi xüsusi əhəmiyyət daşıyır.
Son XƏBƏRLƏR
12.10.2026 | 16:31
BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb
12.10.2026 | 14:49
BDU-da tədbir: “Mənim atam qəhrəmandır”
12.10.2026 | 13:08