BDU komandası “Milli dövlətçilik yolumuz” adlı intellektual çempionatda III yeri tutub

Gənclər və İdman Nazirliyi, “ASAN xidmət” və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş “Milli dövlətçilik yolumuz” adlı intellektual çempionat keçirilib.
Layihənin əsas məqsədi tələbələrin bilik və məntiqi düşünmə bacarıqlarını inkişaf etdirmək, onların intellektual potensialını üzə çıxarmaq, komanda işi bacarıqlarını gücləndirmək və sağlam rəqabət mühitini formalaşdırmaq olub.
Çempionatda Bakı Dövlət Universiteti ilə yanaşı, Bakı Ali Neft Məktəbi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Universiteti, Bakı Slavyan Universiteti, Bakı Biznes Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan İdman Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dillər Universiteti və Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri iştirak ediblər.
Tarix fakültəsinin IV kurs tələbələri Vüsal Qaflanov, Cavidan Xankişiyev, Vüsal Hüseynov və Elxan Vəliyev, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin II kurs magistrantı İbrahim Fərhadzadə və IV kurs tələbəsi Rəvan Fərzəliyevdən ibarət BDU komandası çempionatda III yerə layiq görülüb.