BDU-da Ulu Öndər Heydər Əliyev irsinə həsr edilmiş elmi seminar

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində “Ulu Öndər Heydər Əliyev irsinə dair elektron resurslar” mövzusunda elmi seminar keçirilib. Əvvəlcə xalqımızın xilaskarı, Ümummilli Lider Heydər Əliyevin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Elmi seminarda BDU-nun Sənəd menecmenti kafedrasının dosenti Solmaz Sadıqova mövzu ilə bağlı məruzə edib. Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən hazırlanmış “Ümummilli Lider Heydər Əliyev” Elektron Məlumat Bazası əsasında təqdim edilən məruzədə xalqımızın böyük oğlu, fenomen şəxsiyyət Ulu Öndər Heydər Əliyevin zəngin irsinin rəqəmsallaşdırılması, arxivləşdirilməsi və gələcək nəsillərə ötürülməsi məsələləri şərh olunub. Bildirilib ki, təqdim olunan resurs dahi rəhbərin irsinin elmi əsaslarla öyrənilməsi, tədris prosesinə inteqrasiyası və tədqiqatçılar üçün interaktiv platforma kimi araşdırılıb. Məlumat bazasının yalnız arxiv xarakterli resurs deyil, bugünkü və eyni zamanda gələcək nəsillər üçün dövlətçilik və milli ideoloji məktəb missiyasını həyata keçirdiyi vurğulanıb: “Strateji əhəmiyyət kəsb edən məlumat bazası Ulu Öndərin zəngin irsinin müasir informasiya texnologiyaları vasitəsilə öyrənilməsinə, qorunmasına və təbliğinə xidmət edir. Məlumat Bazasında “Ana səhifə”, “Rəsmi sənədlər”, “Heydər Əliyev – əbədiyaşar şəxsiyyət”, “Əsərləri”, “Haqqında nəşrlər”, “Heydər Əliyev Milli Kitabxanada”, “Heydər Əliyev dünya kitabxanalarında”, “Xatirəsinin əbədiləşdirilməsi”, “Fotoqalereya” və “Videoqalereya” kimi bölmələr yer alır”. Məruzədə elektron bazanın bütün bölmələrinin tərkibi açılıb, orada yer alan materiallar şərh olunub. Biblioqrafik resursun geniş oxucu kütləsi, müxtəlif elm sahələrində fəaliyyət göstərən alimlər, tədqiqatçılar, müəllimlər, tələbələr, ümumiyyətlə bütün oxucu qrupları üçün əvəzsiz mənbə olduğu vurğulanıb.
Elmi seminar məruzə ətrafında çıxışlarla davam edib.