BDU-da “Tarix elminin aktual problemləri” mövzusunda dəyirmi masa keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində 27 mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş “Tarix elminin aktual problemləri” mövzusunda dəyirmi masa keçirilib.
Tarix fakültəsinin elmi işlər üzrə dekan müavini Kəmalə Nəcəfova bildirib ki, müasir dövrdə tarix elmi inkişafının ən maraqlı mərhələlərindən birini yaşayır. Son onilliklərdə yalnız tədqiqat mövzuları deyil, tarixi düşüncənin mahiyyəti, tarixçilərin istifadə etdiyi metodlar və tarixi biliklərin təqdim olunma formaları dəyişib. Tarix artıq yalnız siyasi hadisələrin və onun iştirakçılarının fəaliyyətinin təsviri ilə məhdudlaşmır, insanı, cəmiyyəti, mədəniyyəti, mentaliteti və tarixi təcrübənin müxtəlif formalarını araşdıran mürəkkəb və çoxşaxəli elmə çevrilir.
Dəyirmi masada Azərbaycan Milli Elmlər Akademiyasının İctimai Elmlər Bölməsinin akademik katibi, AMEA-nın həqiqi üzvü Nərgiz Axundovanın məruzəsi dinlənilib. Məruzəçi bildirib ki, XXI əsrdə tarix elmi qloballaşma, rəqəmsallaşma və beynəlxalq elmi əlaqələrin genişlənməsi şəraitində inkişaf edir. Əgər XIX əsrdə tarix əsasən dövlətlərin siyasi tarixini araşdıran elm sahəsi kimi formalaşmışdısa, bu gün onun mövzu dairəsi xeyli genişlənib.
Qeyd olunub ki, müasir tarixçilər cəmiyyətin gündəlik həyatı, mədəni praktikalar, sivilizasiyalararası əlaqələr, sosial yaddaş, identiklik, ekoloji tarix və digər istiqamətləri daha geniş şəkildə tədqiq edirlər. Beləliklə, tarix getdikcə zaman daxilində insan təcrübəsini öyrənən kompleks elmi sahəyə çevrilir. Müasir tarix elminin mühüm xüsusiyyətlərindən biri də milli tarix çərçivəsindən çıxmağıdır. Bu kontekstdə qlobal tarix, transmilli tarix və sivilizasiyalararası qarşılıqlı təsir tarixi kimi anlayışların geniş yayıldığı qeyd edilib. Bu yanaşma ayrı-ayrı ölkələrin tarixini daha geniş tarixi proseslərin tərkib hissəsi kimi araşdırmağa imkan verir. Vurğulanıb ki, Azərbaycan üçün bu yanaşma xüsusilə əhəmiyyətlidir. Çünki Azərbaycan tarixi əsrlər boyu müxtəlif sivilizasiyaların kəsişməsində formalaşıb.
Dəyirmi masada Azərbaycan tarixinin tədqiqində yeni istiqamətlər, dövlətçilik tarixi, İslam sivilizasiyası kontekstində Azərbaycan, eləcə də Azərbaycan tarix elminin qarşısında duran vəzifələr ətrafında müzakirələr aparılıb. Bildirilib ki, bu gün Azərbaycan tarix elmi tədricən dünya elmi mühitinə inteqrasiya olunur. Azərbaycan tarixi Avrasiya məkanının və İslam dünyasının mühüm hissəsidir və bu baxımdan beynəlxalq tədqiqatlar üçün böyük potensiala malikdir. Müasir tarix elmi daha çox fənlərarası xarakter daşıyır, qlobal yanaşmalar tətbiq edir və insan cəmiyyətinin müxtəlif tərəflərini araşdırır.
Sonda vurğulanıb ki, Azərbaycan tarixçilərinin qarşısında duran əsas vəzifə milli tarixi irsi qorumaqla yanaşı, onu dünya tarixinin geniş kontekstində təqdim etməkdir. Bu yanaşma Azərbaycanın Avrasiya və İslam dünyası tarixində tutduğu mühüm mövqeni daha aydın şəkildə göstərməyə imkan verəcək.
Fakültənin professor-müəllim heyətinin iştirakı ilə keçirilən dəyirmi masa müzakirələrlə başa çatıb.