BDU-da Süni İntellekt və Verilənlər Elmi üzrə II Avrasiya Forumu çərçivəsində Payız Məktəbi başlayıb

16–18 oktyabr 2025-ci il tarixlərində keçiriləcək Süni İntellekt və Verilənlər Elmi üzrə II Avrasiya Forumu (“Eurasian Forum on AI and Data Science”) ərəfəsində təşkil olunan Payız Məktəbi bu gün öz işinə başlayıb.
Forum süni intellekt nəzəriyyəsi, yeni metodların işlənməsi və məlumat elmlərinin tibb, kibertəhlükəsizlik, idman və kənd təsərrüfatı kimi müxtəlif sahələrdə tətbiqi istiqamətində aparıcı alimləri bir araya gətirəcək. Payız Məktəbi isə bu mühüm elmi tədbirin tərkib hissəsi kimi gənc tədqiqatçılar və tələbələr üçün nəzəri bilikləri praktik bacarıqlarla birləşdirmək məqsədi daşıyır.
Təlimlər Ben-Gurion Universiteti (İsrail) alimləri tərəfindən aparılır. Təlimçilər - Ben-Gurion Universitetinin Mürəkkəb Məlumat Analitikası Laboratoriyasının rəhbəri, professor Robert Moskovitç, Kompüter elmləri kafedrasının əməkdaşı Tali Malenboim iştirakçılara süni intellekt, məlumat analitikası və böyük verilənlərin emalı sahəsində müasir yanaşmalar, alqoritmik modellər və real tətbiqlər barədə biliklər təqdim ediblər.
Təlimdə Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti və Sumqayıt Dövlət Universitetinin tələbələri iştirak edirlər. Onlar Payız Məktəbi çərçivəsində nəzəri dərslərlə yanaşı, qrup işləri və praktiki tapşırıqlar üzərində də çalışacaqlar.
“Eurasian Forum on AI and Data Science” Payız Məktəbi regionda süni intellekt və məlumat elmləri üzrə bilik və təcrübə mübadiləsinə, eləcə də gənclərin bu sahəyə marağının artırılmasına töhfə verir.